"Neftçi"nin hücumçusu Ruslan Qurbanov "Rəvan"a 2:3 hesablı məğlubiyyətdən sonra Sportarena.az saytının əməkdaşının suallarını cavablandırıb
- Turnir cədvəlinin son pilləsində olan komanda məğlub olsunuz…
- “Mən həmişə demişəm ki, Premyer Liqamızda zəif kollektiv yoxdur. Hər bir rəqibə ciddi hazırlaşmaq lazımdır. Mən hətta komanda yoldaşlarıma vurğulamışdım ki, bu oyun “Qarabağ”a qarşı matçdan çətin keçəcək.
- Azarkeşlərin komandaya etirazı haqda nə deyə biləsiz?
- Hazırda bizim durumumuz çətindir. Azarkeşlər bizə etiraz etməkdə haqlıdırlar.
- Matç bitən kimi azarkeşlər tərəfə getdin. Nə söhbət oldu?
- Mən azarkeşlərə təşəkkür etdim və bildirdim ki, gələn oyunlarda sizləri sevidnirməyə çalışacağıq. Onlar bizdən nəticə tələb edirlər. Başqa heç bir söhbət olmayıb.
- “Neftçi” hər zaman ön sıralarda olub. Lakin komanda bu gün autsayderlə bacara bilmir. Bunun səbəbi nədir?
- Biz bu gün komanda şəklində zəif oynadıq. Amma bəzi futbolçular var ki, 100 faiz oyun nümayiş etdirmirlər. Lakin mən ad çəkməyəcəm.
- “Neftçi” 12 tur ərzində cəmi 3 oyunda qələbə qazanıb. Hər şeyin yaxşı olacağı ilə bağlı əminlik sizdə hardandı?
- Ürəyim bunu deyir, hiss edirəm ki yaxşı olacaq. Dekabrdan sonra vəziyyət yaxşı olacaq.
- Baş məşqçiniz Samir Əliyev mətbuat konfransında belə oyunla avrokuboklara vəsiqə qazanmağın xəyal olduğunu bildirdi...
- Vəziyyətimizi yaxşılaşdıracağıq. Samir Əliyevi sevindirməyə çalışacağıq. Növbəti oyunlara ciddi hazırlaşacağıq.
- “Neftçi”nin hazırda bu vəziyyətdə olmasının konkret günahı kimdədi: rəhbərlik, məşqçilər, yoxsa futbolçular?
- Futbolçular.
- Bəzi futbolçuların meydanda can qoymadığını bildirdin. Səncə, ola bilərmi ki, həmin futbolçular baş məşqçinin dəyişiməsi üçün belə edirlər?
- Əgər belə futbolçular varsa, ilk növbədə onlar komandadan uzaqlaşdırılacaq. Baş məşqçimizin günahı yoxdu. O, həmişə bizi qarşılaşmalara ciddi hazılaşmalı olduğumuzu söyləyir.
- Bəs bəzi futbolçuların imkanlarından aşağı oynamasının səbəbini nədə görürsən?
- Bəlkə, bəzi futbolçular fikirləşir ki, heyətimiz geniş deyil və asanlıqla "ilk 11-liyə düşəcəklər. Bu sözlər mənə də aiddi. Əgər yaxşı oynamasam, heyətə düşə bilməyəcəm. Yenə də dekabrı gözləyək, sonra yaxşı olacaq.
- Dekabr ayı gec olmayacaq?
- Əlbəttə, gec olacaq. Çalışacağıq ki, qış fasiləsinə kimi çox xal qazanaq. “Sumqayıt”la oyunun dönüş nöqtəsi olacağını gözləyirdik amma alınmadı.