"Doğma meydanda oynayırdıq. Ardıcıl neçə oyundur ki, xal itiririk. "İnter"lə matça yaxşı hazırlaşmışdıq ki, qələbə qazanaq. Amma bir xalla kifayətlənməli olduq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Ruslan Abışov deyib. O, Premyer Liqanın XII turunda "İnter"lə heç-heçə etdikləri oyun haqda fikirlərini açıqlayıb:
"Əvvəlki qarşılaşmalarla müqayisədə, bu oyunda üstün tərəf idik. Amma hücumlardan yararlana bilmirdik. Komanda sanki hücumda tilsimlənib. Bu psixoloji əngəldən xilas olub, artıq qələbə qazanmalıyıq. Çünki getdikcə hər şey çətinləşir. Ona görə də milli komandanın oyunu ilə əlaqədar yaranacaq fasilədən sonra yaxşı hazırlaşıb qələbə qazanmalıyıq".
Abışov son turlarda qalib gəlməməklərinin səbəbini açıqlayıb: "Bunun yorğunluq və ya Qriqorçukun komandadan gedəcəyi xəbərləri ilə əlaqəsi yoxdur. Mən əvvəlcə də bildirmişdim ki, baş məşqçimiz bizimlədir və bizi tək buraxmayacaq".