"Artıq mən özüm də "azərbaycansayağı" maşın sürməyə başlamışam"

15:27 10 Noyabr 2015

Altıqat Ukrayna çempionu, yeddiqat Uktayna Kubokunun qalibi, UEFA Kubokunun qalibi, Ukrayna yığmasının sabiq oyunçusu və Azərbaycan futbol çempionatının ən titullu futbolçusu, “Qəbələ” klubunun yarımmüdafiəçisi Aleksey Qay "atv.az" saytının suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir.

 

- 33 yaşınızı 0:4 hesabı ilə məğlubiyyətlə qarşılamağı yəqin ki, planlaşdırmamışdınız? (söhbət “Borussiya”- “Qəbələ” oynundan gedir- müəllif.)

- Əlbəttə, biz həyatda çox şey planlaşdıra bilərik, lakin nəticədə tam başqa bir şey alına bilər. Söz yox, istərdim ki, Bakıya daha münasib hesabla qayıdaq, lakin alınmadı. Realist olmaq lazımdır. Biz indi öyrənmə mərhələsindəyik və yaxşı futbol oynamağı öz səhvlərimiz üzərində öyrənirik.

 

- Ən yadda qalan ad gününü neçə yaşınızda qeyd etmisiniz?

- Ad günlərimin çoxusu elə təyyarələrdə keçdiyindən hansısa konkret gün yadda qalmayıb (gülür).

 

- Bu yaşa çatdıqda hayatınızda ən qürurverici nə etmisiniz?

- Əgər siz düşünürsünüzsə ki, mən futbolda olan nailiyyətlərimdən danışacam, səhv edirsiniz. Həyatımda ən böyük nailiyyətim mənim ailəmdir. Mən ailəmlə fəxr edirəm, yoldaşımla və iki qızımla. Onlar mənim yanımdadır və mən hər zaman onların arxasındayam və onlara da arxanalıram.

 

- Siz Azərbaycan birinciliyi çərçivəsində əsl ulduzsunuz. Sizdə olan titullar bizim çempionatda çıxış edən heç bir futbolçuda yoxdur. Siz oynadığınız klublara qarşı heç bir futbolçu oynamayıb, nə legionerlər, nə də özümüzkülər. Azərbaycanda oynayan Aleksey Qay bu gün “Qəbələ” futbolçularının səviyyəsini qaldırır, yoxsa öz səviyyəsini endirir?

- Hər şey konkret futbolçudan, onların istəyindən asılıdı. Onlar özlərini kiməsə oxşatmaq istəyirlər, kimlərisə özləri üçün nümunə seçirlər. Əlbəttə, idmançı kimisə örnək seçməlidir ki, səviyyəsi artsın. O ki, qaldı mənim özümə, mən heç zaman özümü kimdənsə yüksək tutmamışam və hər zaman keçmişlə deyil, bugünlə yaşayıram. Və bu gün “Qəbələ”də oynayıramsa, deməli belə də olmalı idi.

 

- Siz kifayət qədər uzun müddətdir ki, Azərbaycandasınız. Bizim millətə xas olan hansı xüsusiyyətlər sizə xoşdur və əksinə, hansını bəyənmirsiniz?

- Hesab edirəm ki, bir ölkənin xalqını hərtərəfli tanımaq üçün bu ölkədə bir-iki il yox, daha çox yaşamaq lazımdır. Azərbaycanda yaşadığım müddətdə isə mən azərbaycanlıların xeyirxahlığını və qonaqpərvərliyini qeyd edə bilərəm. Mənfi xüsusiyyət kimi, yalnız onu qeyd edə bilərəm ki, burada insanlar heç yerə tələsmir. Və əlbəttə, burada maşın sürmək çox çətindir, lakin mən özüm də "azərbaycansayağı" maşın sürməyə başladığım üçün, bu mənim üçün artıq problem deyil (gülür).


Digər xəbərlər

Xəbər xətti