Şabran rayonunun Qalaaltı və Xaçmaz rayonunun Nabran meşə zolaqlarında keçirilən səmti müəyyən etmə idman növü üzrə açıq respublika çempionatı başa çatıb.
Yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətlərini təmsil edən 14 komandanın tərkibində 250 idmançı mübarizəyə qoşulub. İştirakçılar elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil olunan çempionatda "Elit", "Open" və "Junior" kateqoriyaları üzrə orta və uzun məsafədə bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışa yerli təmsilçilərlə yanaşı, Türkiyə, Ukrayna, Latviya və Gürcüstandan olan idmançılar da qatılıb.
Çempionat başa çatdıqdan sonra həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblərin adları müəyyənləşib. "Neftçi İdman Klubu"nun təmsilçiləri komanda hesabında açıq respublika çempionatının kubokuna sahib olublar.