"Biz Darionun arxasındayıq, ona uğurla əməliyyat olunmasını, tezliklə “Kəpəz”in düşərgəsinə dönməsini arzulayırıq. Klubumuzun rəhbərliyi, komanda yoldaşları və mən baş məşqçi kimi ona dayaq durmuşuq, bundan sonra da dəstək verəcəyik".
Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun saytına açıqlamasında deyib. Təcrübəli məşqçi Dario Federikonun zədələnməsinə münasibət bildirərkən daha sonra bunları əlavə edib:
“Bu futboldur, idmanda belə hallar olur. Biz buna normal baxıb qarşılamalıyıq. Dario komandamızın bütün gücü olmasa da, doğrudan da bizim üçün böyük qüvvə idi. Hücumlarda komandaya sürəti və texnikası ilə dəstək verən futbolçudur. Mənə elə gəlir ki, onu əvəz edən yetərincə oyunçumuz olacaq”.
Şahin Diniyev “Kəpəz”in bir futbolçudan asılı olmadığını və komandanın kollektiv oyuna üstünlük verdiyini vurğulayıb: “Federikonun yeri görünəcək, amma çalışacağıq ki, bu itkinin yerini dolduraq. “Kəpəz”in oyun sistemi var və bu sistemdə oynaya biləcək futbolçular heyətə cəlb olunub. Komandamız kollektiv futbol oynayır, bizdə oyunun taleyini təkbaşına həll edəcək futbolçu yoxdur. Kollektiv var və bu kollektiv də Darionun yoxluğunu büruzə verməyəcək”.