Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka noyabrın 17-də Azərbaycana qarşı keçiriləcək yoxlama oyunu öncəsi bu gün mətbuat konfransı keçirib.
- Azərbaycan yığmasına qarşı necə oynayacaqsız?
- Biz hələ də moldovalı futbolçuları yoxlamaq, onların hansı səviyyədə olduğunu görmək istəyirik. Bizi yenə ağır oyun gözləyir. Özünüz də bilirsiniz ki, hazırda bizim üçün qiymətli olan aparıcı futbolçularımız zədəlidir. Hətta qalanların da arasında bizim üçün yeni sürpriz var - Milinçanu başından zədə aldı və oynaya bilməyəcək. Kim varsa, onlardan yaxşı heyət qurmağa, Moldova üçün əlimizdən gələni etməyə çalışırıq. Mənim fikrimcə, ən vacib olan da budur. Yığmaya dəvət alan futbolçular son dövrlər özlərini yaxşı tərəfdən göstərə biliblər. Biz də Azərbaycanla oyunda əlindən gələni edəcək, 90 dəqiqə effektli oynaya biləcək futbolçulara şans verəcəyik.
- Azərbaycanla oyunun önəmi nə dərəcədə böyükdür? Yoxsa bu, sadəcə, oyunçuları sınaqdan keçirmək üçün bir fürsətdir?
- Fikrimcə, bu, bir testdir. Dediyim kimi, problemlərimiz çoxdur. Oyunumuzu onların üzərində qurduğumuz dörd aparıcı futbolçu zədəlidir. Futbolçumuz var ki, komandasını Rusiya Premyer Liqasında çox vacib oyun gözlədiyi üçün milliyə çağırmamağımızı xahiş ediblər.
- Yeni müqavilə imzalamısınız? Ya buna Azərbaycanla oyundan sonra qərar veriləcək?
- Əsas olan bu deyil. Daha vacib olan Moldova yığmasının yaxşı futbol sərgiləməsidir.
- Bu oyunun sizin yığmanın sükanı arxasında qalmağınız yolunda həlledici olacağını demək olar?
- Azərbaycanla oyun bu yolda heç bir rol oynamır. Mənim taleyim elə mənim öz taleyimdir (gülür). Moldova yığması da həmçinin.
- Bunu sizin Moldova yığması ilə müqavilə imzalamağınız kimi başa düşmək olar?
- Ən azından əl sıxmışıq və bu, iki kişinin söhbətində əsasdır. (Azerisport.com)