"Mahir əvəzləndikdən sonra tribunada tum çırtlayırdı" - Nazim Süleymanov

15:41 13 Noyabr 2015

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov "Qarabağ"ın müdafiəçisi Mahir Mədətovu komandadan kənarlaşdırmasının səbəbini açıqlayıb. Sportarena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis "Report"a açıqlamasında 18 yaşlı müdafiəçinin formada olmadığını bildirib.

 

O, eyni zamanda Mədətovun intizamsızlığa yol verməsindən də söz açıb: "Ümid edirdik ki, Mahir bu seçmə mərhələdə bizə kömək edə biləcək. Amma həm Ukrayna, həm də Türkiyə ilə oyunlarda göründü ki, o, çox da yaxşı formada deyil. Eşitdim ki, Türkiyə ilə matçda zədə səbəbindən əvəzləndikdən sonra gedib tribunada oturub tum çırtlayır. Komanda ilə yaşamaq lazımdır. Hər futbolçunun yanına polis qoymalıyıq? Bundan başqa mübahisə zamanı Mədətov gəlib yan xətt hakimini vurdu və mən bunları gördüm. İntizam olmalıdır. Onu da gündəlik ödənişdən məhrum etdim və komandadan kənarlaşdırdım".

 

Cəfərov və Mədətovdan əlavə, millinin daha bir futbolçusu Emil Həsənzadə noyabrın 15-də Bosniya və Herseqovina yığması ilə qrupun son tur matçında çıxış etməyəcək. Həsənzadə ilk 2 matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Baş məşqçi bildirib ki, hər bir futbolçunun intizamlı olmalıdır: Cəmiyyətdə hər kəs istədiyin etsə necə olar? Biz Azərbaycanı təmsil edirik. Biz kəmiyyətə yox, keyfiyyətə baxacağıq. İştirak ərizəsinə 18 oyunçu daxil edirik. 2 qapıçı və 16 futbolçu. 3 nəfər yoxdursa, olmasın. 15 nəfərlə oynayacağıq. Quyuya su tökməklə dolmur. Hamımızın canı yanmalı, istəməliyik. Futbolun incəliklərini öyrənməkdənsə, həyatda hansı axmaq hərəkətlər varsa, onları götürürlər. Onlar bizim balalarımız, gələcək fuytbolçularımızdır. İntizamla bağlı komanda ilə danışdım. Avropa çempionatının seçmə mərhələsidir, evdə oynayırıq. Biz xalqı təmsil edirik".

 

N.Süleymanovun fikrincə, intizamsızlıqla əlaqədar bütün günahı klubların üstünə atmaq düzgün deyil: "Hər kəs istərdi ki, intizamlı, yaxşı oyunçu olsun. Sadəcə, futbolçu şəxsiyyət olduğunu dərk etməlidir. Hər kəs düşünür, cavab verir. Onların içərisində yaxşıları da var ki, pislərin içində gedir. Mənə elə gəlir ki, bizim futbolçuları düzgün təlim-tərbiyə etmək lazımdır. Futbolçu özün hər şeyi dərk etməlidir. Sadəcə, mənim vaxtım az oldu. Bizim futbolçular düşünməli, öz üzərlərində çalışmalı, boş vaxtlarını başqa şeyə sərf etməməlidirlər. Vaxtlarını meydançada keçirməlidirlər. çalışmalıdırlar. Çox problemlər var. Futbolçunun qidalanması, istirahət, məşqi bir-birini tamamlayır və olmalıdır".

 

Qeyd edək ki, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Bakıda keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində əvvəlcə Ukraynaya 0:4, ardından Türkiyəyə 0:1 hesabı ilə uduzub. Qrupun son oyununda rəqib Bosniya və Herseqovina millisi olacaq. Noyabrın 15-də Bayıl stadionunda keçiriləcək görüş saat 18:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti