Birinci divizionun 9-cu turu çərçivəsində dünən Mingəçevirdə “Energetik”lə “Mil Muğan” arasında keçirilən qarşılaşmadan öncə maraqlı hadisə baş verib.
Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, matçın başlamasına yarım saat qalmış meydançaya hellikopter enib.
İsinmə hərəkətləri edən futbolçuların təəccübünə səbəb olan hadisənin maraqlı tərəfi bundan ibarətdir ki, hellikopterdən enən şəxs fövqaladə hallar naziri Kəmaləddin Heydərov olub. Az sonra növbəti turun oyununu keçirməyə hazırlaşan oyunçulara üzünü tutan nazir meydançaya toplaşmalarının səbəbini soruşub.
Məsələnin təfərrüatını öyrəndikdən sonra nazir hellikopteri yardımçı meydançaya çəkmək tapşırığı verib. Heydərovun özü isə stadionu piyada tərk edib.
Qeyd edək ki, “Energetik” – “Mil Muğan” qarşılaşması qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.