"Xəzər Lənkəran"ın U-17 komandası ev oyunlarında qələbə seriyasını bu həftə də davam etdirib. “Qarabağ”la qarşılaşan komanda 2:0 hesablı qələbə qazanıb. Qolları Kamal Dənziyev və Nurlan Fərəcli vurublar.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən həftə “Zirə” ilə oyunda çempionatda ilk məğlubiyyətini alan (0:1) U-15 komandası bu tur əsas rəqiblərindən olan “Sumqayıt”ı qonaq edib. Qarşılaşma cənub təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda ilk üç qolu Tural Bayramov vurub, bu onun mövsümdə ikinci het-trikidir. Digər iki qol Yusif Qasımov və Zamiq Əliyevin hesabındadı.
Həftənin digər iki oyununda isə komandalar məğlub olublar. U-16 komandası səfərdə “Vətən”ə 1:2 hesabı ilə yenilib. Komandanın yeganə qolunu yuxarıda adını çəkdiyimiz Tural Bayramov vurub. U-19 isə evdə “Bakı”ya eyni hesabla məğlub olub. Bu görüşdə komandanın yeganə qolunu penaltidən Milad Bayramov vurub.
Ötən həftə U-19 liqası çərçivəsində "Xəzər Lənkəran"ın səfərdə “Neftçi” İB klubu ilə 0:0 hesablı heç-heçə oynaması barədə məlumat vermişdik. Bu həftə AFFA İntizam Komitəsi sözügedən qarşılaşmada meydan sahiblərinin təhlükəsizliyi təmin etmədiyinə görə “Neftçi” İB komandasına 3:0 hesablı texniki məğlubiyyət verilməsi barədə qərar çıxardı. Beləliklə, hal-hazırda Hafiz Əliyevin komandası 13 xalla 1-ci – 4-cü yerləri bölüşdürür.