Bakıda keçiriləcək Moskva günləri ilə əlaqədar Rusiyadan 14 idmançı, 2 məşqçi, Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin rəsmi nümayəndələri, Olimpiya çempionları Musulbes David Vladimiroviç (1996-cı il, Atlanta) və Boqiev Vadim İosifoviç (2000-ci il, Sidney) Bakıya gələcək.
Sportarena.az xəbər verir ki, bu günlər çərçivəsində Bakı və Moskva şəhərlərinin boks idmanı üzrə 2000-2001-ci il təvəllüdlü, sərbəst güləş üzrə 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlardan ibarət komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.
Proqrama əsasən noyabrın 16-da qonaqlar Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət edəcəklər. Eyni zamanda idman obyektləri ilə də yaxından tanış olacaq nümayəndə heyəti, həmin gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində görüş keçirəcəklər. Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sidney Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə çempionu Namiq Abdullayev, Pekin Yay Olimpiya Oyunlarının çüdo üzrə çempionu Elnur Məmmədli, Rusiya Bədən Tərbiyə və İdman Departamentinin müavini, Rusiyanın sərbəst güləş üzrə olimpiya çempionları David Musulbes, Vadim Bogiev və digər rəsmi qonaqlar iştirak edəcəklər.
Bir gün sonra Tofiq Bəhrəmov adına Respublika Stadionunun güləş zalında sərbəst güləş üzrə, noyabrın 18-də isə Boks İdman Mərkəzində boks üzrə master klas və yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.
Moskva günləri noyabrın 19-da başa çatacaq.
Qeyd edək ki, tədbir 1997-ci il iyunun 13-də rəsmi Bakı və Moskva arasında imzalanmış Memoranduma əsasən keçirilir. Tədbirin keçirilməsində məqsəd rəsmi Bakı və Moskva arasında idman, mədəni, elmi-texniki və iqtisadi əlaqələrin inkişafına töhfə vermək, əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirməkdir.