“Qəbələ” bu gün yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərini Qəbələ şəhər stadionunda davam etdirən “qırmızı-qaralar” U-19-u sınağa çəkib. Bəzi oyunçular yığmaların düşərgəsində olduğundan və bir neçə futbolçunun zədə üzündən məşqlərə qatılmamağı səbəbindən baş məşqçi Roman Qriqorçuk əvəzedici komandanın üzvlərinə də bu matçda şans verib. Ukraynalı mütəxəssis U-19-la qarşılaşmada aşağıdakı start heyətini meydana buraxıb: Andrey Popoviç, Vitali Vernidub, Rafael Santos, Qismət Alıyev, Rikardinyo, Aleksey Qay, Derlis Meza Kolli, Georgi Floresku, Aleksey Antonov, Samir Zərgərov, Vaqif Cavadov.
Hər hissədə 2 qol vuran əsas komanda U-19-u 4:0 hesabı ilə məğlub edib. “Qəbələ” 35-ci dəqiqədə hesabı açıb. Floresku Hüseynqulu Quliyevin yetirmələrinin qapısına yol tapıb. 5 dəqiqə sonra Aleksey Antonov fərqi artırıb. Oyunun gedişində bir sıra əvəzetmələrdən istifadə edən Qriqorçuk David Pietrzkieviç, Asif Məmmədov, Ramil Həsənov, Ehtiram Şahverdiyev, Murad Musayev, Vüqar Nadirov, Şamil Camaləddinov, Vadim Abdullayevə də şans verib. “Qırmızı-qaralar” U-19-un qapısına 3-cü qolu 65-ci dəqiqədə vurub. Floresku oyunda dublunu rəsmiləşdirib. 83-cü dəqiqədə isə Asif matçda son nöqtəni qoyub – 4:0.
Azərbaycan Premyer Liqasının XIII turuna hazırlaşan əyakət təmsilçisi sabah növbəti məşqinə çıxacaq. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşq keçərək, “Sumqayıt”la noyabrın 21-də baş tutacaq matçın hazırlıqlarını davam etdirəcək.