Cari mövsüm Premyer Liqada mübarizə aparan komandaların 8-nin baş məşqçisi yerlidir. 2 komandanı - "İnter» və "Qəbələ»ni əcnəbi mütəxəssis çalışdırır. Cəmi 1-2 mövsüm əvvələ kimi klublar daha çox əcnəbi məşqçilərə üstünlük verirdilər ki, bu da futbol ictimaiyyəti tərəfindən əksər hallarda narazılıqla qarşılanırdı. Klubları öz məşqçilərimizə güvənməməkdə ittiham edirdik. Hazırda vəziyyət elə gətirib ki, həmin klublar istəməsələr belə, azərbaycanlı məşqçilərlə işləməyə məcburdular. Səbəb sadədir - maliyyə problemləri. Bu gün 10 klubun məşqçilər korpusunda baş məşqçiləri çıxmaq şərtilə ümumilikdə 34 məşqçi çalışır. Onlardan 24-ü yerlidir. Təqdim edəcəyimiz yazıda həmin məşqçilər barədə qısaca, tanışlıq xarakterli məlumat verməklə yanaşı, komandaların baş məşqçilərinin ən çox inandıqları və məsləhətlərinə ehtiyac duyduqları mütəxəssislərin kimlər olduğunu da aydınlaşdırmağa çalışacağıq.
Ən geniş məşqçi heyəti "Qarabağ”dadı
Ağdam klubunun məşqçilər korpusunda baş məşqçi Qurban Qurbanovdan başqa 6 mütəxəssis yer alıb - Elçin Rəhmanov, Müşfiq Hüseynov, Zaur Tağızadə, Cudomir Çokarov, Ruben Selles Salvador və Elxan Həsənov. Şübhəsiz, adları sadalananlardan Elçin Rəhmanovu Qurban müəllimin "sağ əli” hesab etmək olar. "Qarabağ”ın oyunları zamanı meydanın kənarında Qurbanovun Rəhmanovla tez-tez məsləhətləşdiyini görmük adi haldır. Bu iki məşqçi vaxtilə futbolçu kimi "Neftçi”də komanda yoldaşı olublar. Dostluq münasibətləri də o vaxtdan başlayıb. Bildiyimə görə, Qurban müəllim taktiki planda Çokarovla tez-tez məsləhətləşirdi. Çudomir xəstələnənə kimi. Amma bu, daha çox oyunlardan əvvəl və məşq prosesində baş verirdi. O ki qaldı digər məşqçilərə, hərə sözün həqiqi mənasında öz işi ilə məşğul olur. Müşfiq Hüseynov komandada yeganə ağdamlı məşqçidir. Zaur Tağızadənin "Qarabağ”a gəlməsinin təşəbbüskarı Qurban müəllimdir. Zaur futbolçu karyerasını bitirdikdən sonra məhz Qurbanovun dəvəti və təkidi ilə Ağdam klubunda işləməyə başlayıb. Hər iki köməkçi məşqçinin "Qarabağ”ın uğurlarında rolu danılmazdır. Qapıçılarla işləyən məşqçi Elxan Həsənovun da həmçinin. Hələ SSRİ dövründə "Neftçi”nin qapısını qorumuş Həsənovun sözügedən kollektivə qoşulmasının maraqlı tarixçəsi var. Belə ki, ona kimi komandada bu işi "Turan”ın hazırki baş məşqçisi, əslən tovuzlu olan Nizami Sadıqov görürdü. "Cəfər” ləqəbli futbolçu ilə Qurban müəlləim 1994-cü ildə "Turan”da komanda yoldaşı olublar və isti münasibətləri var. 2009-cu ilin iyulunda "Rusenborq”la səfər oyununda Nizami Sadıqov məşqçilər korpusunda yer almışdı. Bakıya qayıtdıqdan sonra isə ona "Turan”dan dəvət gəldi. Qurbanovun təkidlərinə baxmayaraq Sadıqov Tovuza qayıtdı. Belədə komandada sözügedən post boş qaldı və qapıçılarla iş "Rusenborq”la cavab oyunundan bir neçə gün əvvəl "İnter”dən ayrılan Elxan Həsənova tapşırıldı. O vaxtdan indiyə kimi Elxan müəllim "Qarabağ”ın qapıçılarını "işlədir”. Nizami Sadıqov isə hələ də "Turan”dadı və güman ki, 6 il əvvəl verdiyi qərarın səhv olduğunun fərqindədir. Nəhayət, sonuncu məşqçi Ruben Selles Salvador əslən ispandı. Çudomir Çokarovda xərçəng mərəzi aşkarlanandan sonra o, müalicə almaq üçün işindən ayrılmalı oldu və komandanın fiziki hazırlığı ispan mütəxəssisə tapşırıldı. Ruben Selles futbol ictimaiyyətinə yad ism deyil. O, "Qarabağ”a kimi "Neftçi”də işləyib.
Diniyevin "sağ əli” yoxdur?
Gəncə klubunu 4 məşqçi çalışdırır. Baş məşqçi Şahin Diniyevə Gəncə futbolunun yetirmələri Fizuli Allahverdiyev, Xaliq Mərdanov və Nadir Şükürov kömək edirlər. Adı sonuncu çəkilən qapıçılarla işləyən məşqçidir. Şahin müəllimin "sağ əli” kimdir - Allahverdiyev , yoxsa Mərdanov? Bildiyimə görə, hər ikisi oyunlar zamanı və məşq prosesində Diniyevin işinə müdaxilə etmirlər və sadəcə, verilən tapşırıqları yerinə yetirirlər. Bu isə o anlama gəlir ki, ya Şahin müəllimin "sağ əli” ümumiyyətlə yoxdur, ya da 2 "sağ əli” var. Fikrimcə, birinci variant daha inandırıcıdır.
"Mən, tək, kontrabasda?”
Çempionatın autsayderinin məşqçilər korpusu da turnir cədvəlində tutduğu yerə uyğundu. Bir neçə tur əvvəl komandanın başında dayanan Emin Quliyevin "sağ əli” Rövşən Babayev idi. Məşqçilər korpusunda Rövşənlə "Simurq”un əvəzedici komandasında bir yerdə işləmiş 2 məşqçi də var idi - "fizika”ya cavabdeh Asif Ramazanov və qapıçıları "işlədən” Rauf Mehdiyev. İndi isə "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənovdur. Onun köməkçisi də Bəhmən Həsənovdu. Fiziki hazırlıq üzrə məşqçinin də adı Bəhmən Həsənovdu. Yazının bu hissəsi sizi əsla çaşdırmasın, bütün məşqçilərin adları eyni deyil. Sadəcə, bütün işləri bir adam görür - baş məşqçi Bəhmən Həsənov. Səbəb? Ya "Rəvan”ın komandaya məşqçi gətirməyə pulu və ya həvəsi yoxdu, yaxud Bəhmən müəllim universal məşqçidir, bütün işlərin öhdəsindən tək gəlir. Bu yerdə adamın yadına "Bəxtiyar” filmindən bir zərb-məsəl düşür. Hansı ki, altbaşlıqda göstərilib. Düzdür, arada əvəzedici komandanın məşqçiləri əsas komandaya yardımçı olmağa çalışırlar. Məsələn, Anar Vəliyev qapıçılarla məşğul olur. Və ya əvəzedicilərin baş məşqçisi Kamil Qafarov oyunlarda Bəhmən müəllimin yanında dayanır. Amma bu o demək deyil ki, Qafarov Həsənovun "sağ əli”di. Ehtiyat oyunçular skamyası bir məşqçinin olması... Ayıbdı...
"Sağ əli” olmayan solaxay
Lənkəran klubunun məqçilər korpusu cəmi 3 mütəxəssisdən təşkil olunub. Baş məşqçi Yunis Hüseynov haqqında geniş informasiyaya ehtiyac yoxdu. Onsuz da yazının məğzi baş məşqçilər yox, onların "sağ əlləri” haqqındadır. Təəssüf ki, solaxay Yunis müəllim "sağ əl”sizdi. Yəni, köməkçisi yoxdur. Məşqçilər korpusunda yer alan digər iki məşqçidən biri qapıçılarla işləyən Vidadi Hüseynovdu. Digəri isə əcnəbidir. İtaliyalı Ciovanne Melkiorre futbolçuların fiziki hazırlığına cavabdehdir. Sual oluna bilər ki, nəyə görə "Xəzər Lənkəran” kimi klubda məşqçi köməkçisi və ya köməkçiləri yoxdur? Heyət sarıdan problemlər yaşayan və transfer etməsinə yasaq qoyulan komandada cəmi 13-14 futbolçu var ki, onların da öhdəsindən bir nəfər də gələ bilər. Güman ki, qışda heyət genişlənəcək və Yunis müəllim özünə "sağ əl” tapacaq.
Qriqorçukun "sağ əli” və ya Mixaylo Qəbələdədi
Ukraynalı baş məşqçi Roman Qriqorçuka əsasən həmyerliləri Mixaylo Savka və Stepan Matveyev kömək edirlər. Roman İosifoviç köməkçilərindən ən çox Mixaylo Savkayla "dərdləşir”. Savka hələ SSRİ dönəmində Ukraynanın bir sıra kollektivlərinin tərkibində təkcə futbolçu kimi deyil, məşqçi kimi də Qriqorçukla komanda yoldaşı olub. Onlar 90-cı illərdə "Prikarpatye”də birgə oynayıblar. Roman İosifoviç 2010-cu ilin noyabrında "Çernomorets”ə keçəndən üzü bu yana Savka ilə birgə çalışır. Qriqorçukun korpusda yer alan yeganə azərbaycanlı məşqçi Sənan Qurbanovla məsləhətləşmədiyi dəqiqdir. Sənan hələ ukraynalının komandaya gəlişinə kimi "Qəbələ”də idi və məşqçi heyəti dəyişdikdə ona toxunmadılar. Komandanın qapıçılarla işləyən məşqçisi də ukraynalıdı - Andrey Qluşko. O və elmi-metodiki sahəyə cavabdeh Anatoli Korotiya də daxil olmaqla əcnəbi "beşlik” "Qəbələ”yə kimi Ukraynanın "Çernomorets” komandasından birgə çalışıblar.
Hər məqamı beynəlmiləl olan "İnter”
Beynəlmiləl komandanın benəlmiləl də məşqçilər korpusu var. Baş məşqçi Zaur Svanadze milliyətcə gürcüdür. Son mövsümə kimi "İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin "sağ əli” olmuş Svanadzenin indi özünün "sağ əli” var - Ramaz Svanadze. 34 yaşlı Ramaz Zaur müəllimin dost-doğmaca qardaşı oğludu və məşqçinin birinci köməkçisidi. Qısası, Zaur Svanadze qardaşoğluna "dayılıq” edir. Digər 2 əcnəbi məşqçidən İvan Yanovski makedoniyalı, Aleks Qarakliç isə sebiyalıdı. İvan komandanın fiziki hazırlığına cavabdehdir. Aleks isə zədədən qayıdan futbolçuların bərpası ilə məşğul olur. Məşqçilər korpusunda 4 əcnəbi ilə yanaşı 2 azərbaycanlı da var. Roman Cəfərov məşqçi kimi məşq prosesində Svanadzenin tapşırıqlarını yerinə yetirir. SSRİ dövründə "Neftçi”nin qapıçısı olmuş və bir vaxtlar Tiflis "Dinamo”su ilə matçlarda Zaur Svanadzeyə qarşı oynamış təcrübəli mütəxəssis Cəmaləddin Əliyev isə "İnter”in qapıçılarını oyunlara hazırlaşdırır. "İnter”in məşqçilər korpusunda məşqçilərin tən yarısının yaşlı olmaları diqqəti cəlb edir. Baş məşqçi 1958-ci il təvəllüdlüdür. Roman müəllim 6 onilliyi geridə qoyub. Cəmaləddin Əliyevin isə 55 yaşı var. İvan və Aleks... Hələ futbol oynayacaq yaşdadılar. Makedonun 32, serbin isə 35 yaşı var.
Həm uşaqlıq dostu, həm də etibarlı yoldaş
Əminliklə Vadar Nuriyevə Tərlan Əhmədovun "sağ əli” demək olar. Tərlan müəllim AZAL-ın baş məşqçisi postuna gətiriləndə özünə köməkçi kimi Nuriyevi seçdi. Səbəb təkcə onların uşaqlıq dostu olmaları deyil. Qeyd edim ki, hər iki məşqçi şirvanlıdı (keçmiş Əli-Bayramlı - İ.T.). Özü də bir məhəllədə böyüyüblər. Vadar Nuriyev futbolçu kimi futbol ictimaiyyətinə yaxşı tanışdı. Məşqçi kimi isə uşaq futbolunda işlədiyinə görə o qədər də məşhur deyil. AZAL-a kimi "İnter”in uşaq futbol məktəbində çalışıb. Yəqin ki, dostluq və etibardan başqa məşqçi savadı və bacarığına görə indi Tərlan müəllimin yanındadı. AZAL-ın digər məşqçisi Mais Əzimov da yaxın keçmişimizin tanınmış futbolçularından olub və hazırda əsas komandadakı işi ilə yanaşı U-19 komandasının baş məşqçisidir. Komandanın qapıçılarına futbolçu karyerası parlaq olan Rauf Salamov "dərs keçir”. Futbolçuların fiziki hazırlığına cavabdeh şəxs ukraynalıdır. Andrey Kalasnikovun Azərbaycanda ilk iş yeri "İnter” olub, Kaxa Sxadadzeyə kömək edib. Daha sonra "Kəpəz”də Mahmud Qurbanovla birgə çalışıb. Ötən il yığma 1 oyunluq Mahmuda tapşırılanda qeyri-rəsmi köhnə iş yoldaşına kömək edib.
"B sinifi”nin nümayəndələri
"Gənclik şəhəri”nin təmsilçisinin məşqçiləri də gənclərdi. Bu mövsüm Premyer Liqada ilk məşqçi istefası "Sumqayıt”da baş verdi. Aqil Məmmədovun gedişindən sonra komanda əvəzediciləri çalışdıran Samir Abbasova tapşırıldı. Aqil müəllimin köməkçilərindən Mübariz Orucov "Sumqayıt”dan ayrıldı. Digər köməkçi İlham Yadullayev isə əvəzedici komandaya baş məşqçi təyin edildi. Əsas komandada iş yerini itirməyən tək məşqçi qapıçılarla işləyən Etibar Tanrıverdiyevdi. Samir Abbasovun köməkçiləri Vəfadar Quliyev və Seymur Rəhimovdu. Vəfadar və Seymur Samirlə uşaqlıq dostlarıdır, bir yerdə futbol oynayıblar. Hər ikisinin baş məşqçiyə "bir köynək” yaxın olduğunu nəzərə alsaq, Samir Abbasovun 2 "sağ əli”nin olduğunu demək olar. "Üçlük” omandanın bütün taktiki, texniki, fiziki hazırlığı ilə birgə məşğul olurlar. "Sumqayıt”ın məşqçiləri haqqında 2 maraqlı məqam var. Birincisi, dördü də sumqayıtlıdı. İkincisi isə, hamısı B kateqoriyalı məşqçilərdi. "Kvartet”dən yalnız Samir Abbasov A kateqoriyasını almaq üçün təhsil alır.
Gənclərə etibar edən "flaqman”...
Baş məşqçi Samir Əliyevin 3 köməkçisi var - Səttar Əliyev, Həbib Ağayev və qapıçılarla işləyən məşqçi Dimitri Kramarenko. Kramarenkonu çıxmaq şərtilə Səttar və Həbib "Neftçi”nin əvəzedici komandasında da Samirə gömək ediblər. Hər ikisini baş məşqçinin "sağ əli” hesab etmək olar. Gənc məşqçi istər oyun, istərsə də məşq vaxtı tez-tez məşqçi yoldaşlarının məsləhətlərinə qulaq asır. Amma yekun qərar özünə aid olur. Məşqçilərin gördükləri işin məzmununa gəlincə, Həbib Ağayev daha çox oyunların analizi ilə məşğuldu. Eşitdiyimə görə, az tanınmasına və gənc olmasına rəğmən (Həbibin 1979-cu il təvəllüdlüdür - İ.T.) Azərbaycanda bu işi bacaran ən yaxşı mütəxəssislərdən biridir. Həbibdən söz düşmüşkən, maraqlı bir məqamı da qeyd edim - Samirlə Həbib peşəkar futbola bir vaxtda və eyni komandada qədəm qoyublar. 1994-96-cı illərdə, 15-16 yaşları olarkən 1-ci dəstədə mübarizə aparan "Naxçıvan”da birgə çıxış ediblər. Həbib özündən daha təcrübəli və yaşlı Səttar Əliyevlə birlikdə məşq prosesinin gedişində də iştirak edir. Səttar Əliyev futbol ictimaiyyətinə yaxşı tanışdır. Karyerasını ancaq "Qarabağ”da keçirən ağdamlı mütəxəssis bu gün "Neftçi”nin uğurları üçün çalışır. Komandada fiziki hazırlıq üzrə məşqləri isə... Nə qədər acınacaqlı olsa da, "Neftçi”də bu post boşdur. "Fizika”nı elə haqqında bəhs etdiyim trio birlikdə görür.
...və ondan geri qalmayan debütant
"Zirə”ni də 4 məşqçi çalışdırır. Baş məşqçi Adil Şükürovun rəhbərlik etdiyi "gənclər korpusu”na Ayxan Abbasov, Elnur Çodarov və Anar Niftəliyev daxildir. Hamısı yaxın keçmişimizin özlərinə görə tanınan futbolçuları olub. Anar qapıçılarla işləyən, Elnur fiziki hazırlıq üzrə məşqçidi. Ayxan isə baş məşqçinin "sağ əli”di. Məşqçilərdən yalnız Adil Şükürovun "pro” kateqoriyası var. Elnur Çodarov isə "A” kateqoriyalı məşqçidir. Ayxan "A”nı, Anar isə "B”ni oxuyur. Əminliklə "Zirə”nin məşqçilər korpusunu ən gənc hesab etmək olar. Adil müəllimin 39 yaşı var. Elnurla Anar 1981-ci il təvəllüdlüdülər. Ayxan isə "sonbeşikdir” - cəmi 33 yaş.
İlqar TAĞIYEV
"Het-trik news” qəzeti
P.S. Yazı dərc olunarkən Samir Əliyev "Neftçi”nin baş məşqçisi idi. Cümə günü komanda ilə yolları ayrılan gənc məşqçinin "sağ əlləri” indən belə Əsgər Abdullayevə "xidmət göstərəcək”.