"Azərbaycanda onlara çox yaxşı yanaşırlar" - "Trabzonspor" rəsmisi

10:44 16 Noyabr 2015

Məlum olduğu kimi, AFFA "Trabzonspor"un 2 futbolçusu Doğukan Öksüz və Murat Cem Akpınarı "milliləşdirərək", U-17 yığmamıza cəlb edib. Sportarena.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən türk klubunun rəsmisi Sədi Təkəlioğlu uzun müddət futbol sektorunda çalışmasına baxmayaraq, bu cür halla ilk dəfə qarşılaşdığını bildirib:

 

"Azərbaycan tərəfi bəzi futbolçularımızın Türkiyə millisində oynaya bilməyəcəyini təxmin edərək, bizimlə əlaqə saxladı. Dedilər ki, icazə versəniz, 17 yaşa qədər bir neçə futbolçunuzu Azərbaycan yığmasında oynatmaq istəyirik. Ahmet Hakan Sevinç, Doğukan, Ebrar və Murat Cemin adını çəkdilər. Abdulkadir, Cafer və Abdullahın millidə oynadığını, gedə bilməyəcəyini bilirlər. Bayaq adını çəkdiyim uşaqlar Türkiyə yığmasına dəvət almayınca, yoxa çıxdılar. Azərbaycanın təklifinə müsbət yanaşmağımın tək səbəbi bizim komandamızı yaxşı tanımaqları ilə bağlıdı. Açığı, özünü göstərən oyunçularımızı tək-tək tanımaqları məni təəccübləndirdi".

 

Təkəlioğlu əlavə edib ki, 4 futbolçudan ikisi artıq Azərbaycan yığmasının düşərgəsində olublar: "Qardaş ölkənin milli komandasına seçilmək Murat və Doğukanın özünəinamını artırır. Açığı, bir az qapalı futbolçular idilər. Amma görürəm ki, bunu üzərlərindən ata bilirlər. Bəzən klubun oyunlarını Azərbaycan yığmasının matçları ilə əlaqədar buraxmalı olurlar. Amma bu, bizə problem yaratmır. Beynəlxalq turnirlərdə özlərini göstərmək böyük önəm kəsb edir. Azərbaycanda onlara çox yaxşı yanaşırlar".

 

Qeyd edək ki, Doğukan Öksüz və Murat Cem Akpınar Azərbaycanın U-17 yığmasının heyətində Qazaxıstandakı turnirdə iştirak ediblər.


Digər xəbərlər

Xəbər xətti