"Milliyə çağırılan hər bir futbolçu meydanda canını qoymağa çalışır"

15:00 18 Noyabr 2015

Noyabrın 17-də Moldova ilə yoxlama oyununda azarkeşləri 2:1 hesablı qələbə ilə sevindirən yığma komandamız ili qalibiyyətlə başa vurub. Sportarena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda "Kəpəz"in iki futbolçusu Rəşad Eyyubovla Tərlan Quliyev də oynamaq şansı qazanıb. Hər iki futbolçu ikinci hissədə meydana daxil olub. Oyunçular kapazpfc.az saytına Moldova ilə oyunla bağlı fikirlərini bölüşüb.

 

Rəşad Eyyubov: "Yaxşı oyun oldu. İli qələbə ilə başa vurduq, təbii ki, buna görə sevinməyə dəyər. İkinci hissənin gedişində oynamaq şansı qazanıb meydana daxil oldum. Əsas olan qalib gəlmək idi. Oyun planında daha da artırmalıyıq ki, gələn təsnifat mərhələsində uğur qazana bilək. Matçdan sonra millinin komandanın baş məşqçisi Robert Prosineçki və AFFA rəhbərliyi uşaqlara oyuna görə təşəkkür edib, razılığını bildirdi".

 

Tərlan Quliyev: "Millinin baş məşqçisi bu oyunda gənclərə üstünlük verdi. Düzdü, ilk hissədə əsas heyətdən bir-iki futbolçu yox idi. Amma fasilədən sonra yoxlanışa çağırılanlar oynadı. Milliyə dəvət olunan hər bir futbolçu meydanda canını qoymağa, azarkeşləri qələbə ilə sevindirməyə çalışır. Dünya çempionatının seçmə oyunlarına hazırlaşmaq lazımdır. Əvvəlkindən daha yaxşı çıxış etməliyik".


Digər xəbərlər

Xəbər xətti