"Neftçi" ilə oyuna hazırlaşırıq. Onlardan fərqli olaraq bizim heyətdə əsasən gənc futbolçular yer alıb. "Xəzər Lənkəran" hər bir rəqibinə qarşı meydanda necə mübarizə aparırsa, "Neftçi"yə qarşı da elə olacaq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi" ilə keçirəcəkləri oyuna hazırlıqdan danışarkən deyib.
"Böyük oyun"a qoyulmuş azarkeş qadağasına toxunan T.Nadirov bildirib ki, AFFA və PFL tərəfindən razılıq olarsa, klub qonaq azarkeşləri də qəbul etməyə hazırdır: "Bakıda keçirilmiş qarşılaşmada "Xəzər Lənkəran" azarkeşləri olmadı. Lənkəranlı azarkeşlər Bakıya getsəydi, bizim dəstəkçilərimiz meydan sahiblərinkindən çox olardı. Ancaq razılıq olarsa, "Neftçi" azarkeşlərini qəbul edərik və buna hazırıq. Bu məsələnin müsbət həllinə heç bir maneçilik törətmirik. Çünki futbol azarkeşlər üçün oynanılır. Artıq bu məsələni qaldırmışıq. Elə düşünürəm ki, növbəti turlarda tribunalarda hər iki komandanın azarkeşləri yer alacaq. Rəqabət, prinsip yalnız meydanda olmalıdır. Biz Azərbaycan komandasıyıq. Sabah birimiz avrokuboklarda çıxış etsək, o birisi dəstək verməlidir".
Vitse-prezident komanda üzvlərinin milli komandaların heyətində uğurla çıxış etdiklərini də vurğulayıb: "Sevindirici haldır ki, həm aşağı yaş, həm də əsas millidə "Xəzər Lənkəran"ın futbolçuları çıxış edir. Bir məsələni qeyd edim ki, "Xəzər Lənkəran" klubdur, komanda deyil. Yəni bizim uğurumuz yalnız əsas komandanın çempionluğu və uğuru ilə ölçülməməlidir. Aşağı yaşlılardan ibarət komandalar yüksək yerlər uğrunda çıxış edirsə, futbolçularımız milli komandaların formasını geyinirsə, millinin kapitanlıq sarğısını taxırsa, bu, klubun uğurudur. İndi gənc yaşda yığma komandaların formasını geyinən futbolçularımız gələcəkdə aparıcı üzvə çevriləcəklər".
Elnur Cəfərovun 19 yaşadək futbolçulardan ibarə milli komandadan uzaqlaşdırılmasına gəlincə, T.Nadirov onun klubda intizamsız futbolçu olmadığını, lakin baş məşqçi Nazim Süleymanovun da işinə şərh verə bilməyəcəyini deyib: "Nazim müəllimə hörmətim var və millinin baş məşqçisidir. Elnuru kənarlaşdırıbsa, onun hesabat verdiyi qurum AFFA-dır və onlara bu barədə məlumat verəcək. Yəni bu barədə AFFA Nazim müəllimdən hesabat ala bilər. Baş məşqçinin işinə mən yox, digər məşqçi və baş məşqçilər şərh verə bilər. Məşqçi işini düzgün görürsə, ona olan hörmət artır, yox haqsızdırsa, o zaman hörməti itirir. Biz klub rəhbərliyi olaraq haqqı tapdalanan bütün əməkdaşlarımızın, futbolçularımızın yanında oluruq. Amma haqlı yerə cəzalanırsa, bu, başqa məsələ. Elnura gəldikdə isə o, 10 yaşından bizim akademiyadadır və intizamlı futbolçudur".
T.Nadirov ilin sonunadək Klublar Komitəsinin iclasının keçiriləcəyini də söyləyib: "Bir çox məsələlər var ki, artıq yekunlaşıb. Hansı məsələlər İcraiyyə Komitəsinə təqdim olunmalıdırsa, onlar müəyyənləşib. Düşünürəm ki, ilin sonunadək bir və ya iki iclas keçirilə bilər".
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı noyabrın 22-də saat 18:00-da başlanacaq.