"Qarabağ"ın canlı əfsanəsi: "Futbolçular cəbhəyə gedib döyüşmək istəyirdi" - MÜSAHİBƏ"

15:23 19 Noyabr 2015

Gülağa Məmmədov. O, uzun illər “Qarabağ”ın futbolçusu olub. Komandaya “Qarabağ” adı veriləndən sonra onun ilk rəsmi qolunu da məhz G.Məmmədov vurub. Bir müddət əvvəl hər bir ata üçün çox ağır olan oğul itkisi yaşasa da, yenə də doğma komandanın taleyi ilə ürəkdən maraqlanır.

 

Sportarena.az Məmmədovun qol.az-a müsahibəsini təqdim edir:

 


- Mən “Qarabağ”a gələndə bu komanda “Şəfəq” adlanırdı – Gülağa Məmmədov bizimlə söhbətə belə başlayır.

- Həmin vaxt “Şəfəq” Azərbaycan SSR-nin 2-ci dəstəsində mübarizə aparırdı. 1982-ci ildə kluba “Kooperator” adı verildi. 1988-ci ildə ermənilərin Qarabağ iddiları geniş vüsət aldığı bir vaxtda qərara alındı ki, komandanın adı dəyişdirilib “Qarabağ” olsun. Biz də Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu futbol vasitəsi ilə sübut etməyə çalışırdıq. Sevindirici haldır ki, elə həmin il Azərbaycan SSR-i çempionu oldu. Komanda “Qarabağ” adlanandan sonra onun ilk qolunu da mən vurmuşam. Həmin qolu Qubada Qusarın “Şahdağ” komandasının qapısına vurmuşam.

 

- Statistika göstərir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da “Qarabağ” çempionatda uğurla çıxış edib.

- Açığı, həmin dövrlər komandamız üçün çox ağır keçirdi. 1991-ci ildə Azərbaycanın ilk müstəqil çempionatı keçirildi. Həmin vaxt Ağdamda oynadığımız 28 matçın 22-də qalib gəldik. Beş heç-heçə edib, cəmi bir oyunda məğlub olmuşduq. Sonradan Ağdam işğal olundu və məcburiyyətdən oyunlarımızı başqa şəhərlərdə keçirdik.

 

- “İmarət” stadionunu necə xatırlayırsınız?

- Oranı unutmaq mümkün deyil. Stadionun hər tərəfi böyük ağaclarla əhatə olunmuşdu. Ağdamda hamı futbolu sevirdi. İnsanlar bekar olanda isə deyirdilər ki, gedək “İmarət”də “Qarabağ”ın məşqinə baxaq. Sanki orada istirahət edirdilər. “İmarət”in öt örtüyü də çox gözəl və təbii idi. Hətta bir dəfə o vaxt AFFA-nın prezidenti olan Fuad Musayev meydançanı görüb heyrətə gəldi. Dedi ki, mən belə ot örtüyünü ancaq Avropada görmüşəm. 1993-cü ildə “İmarət”də son oyunumuz Azərbaycan kubokunun yarımfinalında “Turan”a qarşı oldu. Həmin oyunda 1:0 hesabı ilə qələbə qazandıq. Yaşar Hüseynovun vurduğu qol hələlik “Qarabağ”ın “İmarət”dəki son qoludur. Kubokun finalını oynamaq üçün Bakıya gəlmişdik. “Abşeron” mehmanxanasında qalırdıq. Məşqdən qayıdanda eşitdik ki, ermənilər Ağdama hücum edib.

 

- Yəqin ki, həmin vaxt futbolçular təşviş içində idi. Siz də o vaxt artıq komandanın futbolçusu yox, inzibatçısı idiniz. Bəs finalda “İnşaatçı” ilə oyunda qələbə qazanmağı necə bacardınız?

- Finala bir neçə gün qalmışdı. Hamımız məyus idik. Baş məşqçimiz Ağasəlim Mircavadova zəng vuraraq futbolçuları evə buraxmasını xahiş etdim. Çünki hamı evdən narahat idi. Ağasəlim müəllim Ağdama getməyimizə icazə verdi. Amma tapşırdı ki, final matçına mütləq qayıdaq. Ona görə də oyundan öncə yenidən toplanmalı idik. Baş verən hadisələrə baxmayaraq, final oyununa çıxdıq və Müşviq Hüseynovun vurduğu qol sayəsində qələbə qazandıq. Həmin il biz həm də Azərbaycan çempionu olmuşduq. Amma sevinə bilmədik qələbələrimizə. Çünki Ağdamda ağır döyüşlər gedirdi. Çempion olduqdan bir ay sonra, iyulun 23-də şəhər işğal edildi. İnsanlarımız pərən-pərən düşdü.

 

- Bəs, Ağdamın işğalından sonra komandanın durumu necə oldu?

- İşğaldan sonra “Qarabağ”ın çətin günləri başladı. Komanda Ağdamda olan zaman “Şampan zavod”un direktoru Siyavuş Fərzəliyev bizə maddi dəstək verirdi. İşğaldan sonra onun da vəziyyəti pisləşdi. Bir müddət Mingəçevirdə qaldıq. Mingəçevirdə Ağdamdan gəlmiş məcburi köçkünlər çox idi. Bu şəhərin özünün də “Kür-Nur” adlı komandası vardı. Onlarla oyunlarda yerli sakinlərlə münaqişələr yaranırdı. Ona görə də məcburən ordan uzaqlaşıb köcdük Sumqayıta. Bizə “Şəfa” sanatoriyasında şərait yaratdılar. Bir neçə il Sumqayıtda qaldıq. Müşviq Hüseynovun atası Hüseyn dayı həmişə deyirdi ki, “Qarabağ” “İmarət”dən çıxandan sonra ev oyunu olmur, həmişə səfərdə oynayır.


- Sonralar “Qarabağ” bir müddət ev oyunlarını Quzanlı stadionunda keçirdi.

- Düzdür, Quzanlıda oynadılar. Amma etiraf edək ki, orda şərait yox idi. İndi komandada legionerlər də çoxdur. Çoxu da ailəlidir. Onların hamısına yaxşı şərait yaradılmalıdır ki, fikirləri ancaq oyunda olsun. Klubun hazırkı rəhbərliyi də sağ olsun, bunun üçün nə lazımdısa edib. İndi “Qarabağ”ın özünün yaxşı bazası, Qurban Qurbanov kimi yaxşı baş məşqçisi, yaxşı futbolçuları var. İndi “Qarabağ” peşəkar klubdur. Düzdü, Quzanlıda oynasalar, biz ləzzət alarıq. Amma qeyd etdiyim kimi, hazırda ordakı şərait “Qarabağ” kimi komandaya uyğun deyil.

 

- Siz futbolçu karyeranızı bitirdikdən sonra da “Qarabağ”dan ayrılmadınız.

- Bəli, “Qarabağ”da uzun müddət çalışmışam. Komandanın inzibatçısı olmuşam, vitse-prezident səlahiyyətlərini icra etmişəm. Əlimizdən gələni edib çətin günlərdə komandanı yaşatmağa çalışmışıq. Hətta çətinliklərə dözməyib komandanı tərk edənlər də olub. O zamanlar mən komandanın sürücüsünü də futbolçuların arasına salmışam ki, qoy, komandanın dağılmaq üzrə olduğunu heç kəs görməsin. Vaxt olub ki, oyuna çıxmağa təmiz formamız olmayıb. Hamımız yığışıb forma yumuşuq. Nə mükafatımız olubsa, baş məşqçidən tutmuş sürücüyə, xadiməçiyə kimi hamı arasında bölünüb.

Yadımdan çıxmaz, Mingəçevirdə mehmanxanada qalırdıq. Baş məşqçi Ağasəlim Mircavadova lüks, futbolçulara isə sadə otaq götürmüşdüm. Ağasəlim Mircavadov futbolçuların otağına girəndə gördü ki, otaqlar soyuqdu. Mənə bildirdi ki, mən burada qala bilmərəm, birinci futbolçuların şəraiti yaxşı olmalıdır.

 

- Sonradan “Qarabağ”ın ayaqda qalmasına kimlər dəstək oldu?

- Demək olar ki, işğaldan sonra çox vətənpərvər insan bizə dəstək verdi. Hətta “Abşeron” mehmanxanasının direktoru, mərhum Aqil Paşayev 1990-cı illərin sonlarında bir müddət təmənnasız olaraq orda qalmağımıza şərait yaratdı. Hansı ki, həmin vaxt sponsurumuz yox idi. Komanda ortada qalmışdı. Biz çalışdıq ki, “Qarabağ”ı çətinliklə də olsa yaşadaq. Çünki “Qarabağ” adı yaşamalı idi. Biz bu adla torpaqlarımızın işğal olunduğunu dünyaya çatdırmaq istəyirdik.

 

- Maddi çətinliklərin qarşısında necə dayana bilirdiniz?

- “Qarabağ”da oynayan heç bir futbolçu çətinliklərdən qorxmurdu. Hələ “İmarət”də oynayan zaman Fred Asifin (Azərbaycanın mərhum Milli Qəhrəmanı Asif Məhərrəmov – red.) batalyonu da orada yerləşirdi. Xocalı soyqırımından sonra hamımız döyüşə getmək istəyirdik. Çünki heç kim futbol haqqında düşünə bilmirdi. Fred Asifə yaxınlaşaraq bizi də batalyonu ilə döyüşə aparmağını istədim.

O da dedi ki, mən döyüş üçün 11 min insan taparam, amma 11 futbolçu tapa bilmərəm ki, “Qarabağ”ın heyətində oynasın. Fred Asif dedi ki, kişiliyiniz çatırsa, ev oyununuzu məhz Ağdamda oynayın, Ağdamda futbol yaşadıqca ermənilər də biləcək ki, Ağdam yaşayır. Doğrudan da çox gözəl sözlər idi. Biz də məşqlərimizə və oyunlarımıza davam etdik. Çətin günlər olanda da həmin sözləri xatırlayırdıq.

 

- Fikriniz döyüşdə, özünüz futbol meydanında. Bu vəziyyətdə necə oynaya bilirdiniz?

- Bunu sözlə ifadə etmək mümkün deyil. Həmin vaxtları yaşamaq lazımdır. Amma bir təsəllimiz var idi. Fred Asifin sözündən sonra biz oynayanda Ağdamın yerində olduğunu hiss edirdik. Bizim içimizdə hər oyunda qələbəyə inam var idi.

 

- Oyunlar zamanı təhlükəsizlik necə təmin olunurdu? Axı müharibə dövrü idi.

- “İmarət”ə toplaşan hamı “Qarabağ” eşqinə gəlirdi. Hətta bir dəfə bizim vertalyotlar erməni silahlı qüvvələrinə hücum etmişdi. Biz isə oyuna çıxmışdıq. İlk hissədən sonra geri qayıdan vertalyotların arxasınca atılan raket stadionun yaxınlığına düşmüşdü. Fasilə olduğundan paltardəyişmə otağında idik. Partlayış səsinə hamımız çölə qaçdıq. Xoşbəxtlikdən zərərçəkən olmamışdı. Raket boş sahəyə düşmüşdü. Əgər ölüm olsaydı, inanmıram ki, bir də futbol oynaya bilərdik.

 

- “Qarabağ”ın kapitanı olmuş Milli Qəhrəman Allahverdi Bağırov yadınızda necə qalıb?

- Onunla bir komandada oynamışıq. Cəsur, qəhrəman bir insan idi. Sonradan da baş məşqçimiz olmuşdu. Müharibə vaxtı o daim döyüşdə oldu. Amma ürəyi həmişə bizimlə idi. Hərdən Allahverdi Bağırovla Vüqar Nadirovun atası, sonradan düşmən gülləsindən şəhid olan Ərşad Nadirov oyunlarımıza baxmağa gəlirdilər.

 

- Gülağa müəllim, keçmişlə müqayisədə indi “Qarabağ” üçün çox imkanlar yaradılıb. Ümumiyyətlə, izləyirsinizmi komandanızın oyunlarını?

- Bizim hər birimiz “Qarabağ”ın uğurlarına çox sevinirik. “Qarabağ” artıq dünya səviyyəli bir kluba çevrilib. “Qarabağ”ın Avropa Liqasında ötən mövsüm “İnter”lə oyunda vurduğu təmiz qolun hesaba alınmaması mənə çox pis təsir etdi. Onların yaxşı futbol oynaması hər cür imkanları var. Heç bir məsələdə sıxıntı yaşamırlar. Ancaq oyunlarını düşünürlər. Görün, “Qarabağ” indi kimlərlə başabaş mübarizə aparır. Bizə o vaxt deyirdilər ki, nə vaxtsa siz “Spartak” (Moskva), “Dinamo” (Kiyev) kimi komandalarla oynayacaqsınız? O vaxt “Qarabağ”ın “İnter” ,“Monako”, “Tottenhem” kimi klublarla oynayacağını desəydilər, heç kim inanmazdı.

 

- “Qarabağ”ın heyətində oynayan futbolçuları necə qiymətləndirirsiniz?

- Çox yaxşı yerli gənc futbolçular var. Xüsusilə, Qara Qarayevin oyununu çox bəyənirəm. Legionerləri də səviyyəli oyunçulardır. Almeyda, Reynaldo güclü futbolçulardır. Ən əsası “Qarabağ”ın heyətində bizə keçmişi xatırladan əzmkar futbolçular çoxdur.


Digər xəbərlər

Xəbər xətti