"Baş məşqçi Ştefan Stoyka Azərbaycanla oyunda yenidən futbolçuların hazırlığını yoxladı. Bu mənada oyunun nəticəsi heç bir əhəmiyyət kəsb etmirdi. Ancaq təəssüf ki, yenə uduzduq".
Sportarena.az xəbər verir ki, bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu ölkəsinin mətbuatına açıqlamasında deyib. Federasiya rəsmisi millimizlə yoldaşlıq görüşündə yaxşı nəticəyə ümid etdiyini bildirib:
"Matçın gedişində elə anlar oldu ki, komandamız biz və azarkeşlərin istədiyi kimi oynadı. Ancaq elə epizodlar da oldu ki, arxayınlaşdıq və iki qol buraxdıq. Azərbaycanla oyunda hər kəs yaxşı nəticəyə ümid edirdi. Lakin səfərdə oynamağımızı da nəzərə almalıyıq. Üstəlik, Azərbaycan millisi də çoxdan idi ki, qələbə qazanmırdı".
Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçirilən oyun millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.