Hazırda Bakıda olan “Qalatasaray”ın və Türkiyə millisinin sabiq hücumçusu Ümit Karanın müsahibəsi:
- Bakıya xoş gəlmisiniz.
- Çox sağ olun, minnətdaram.
- Bu, ölkəmizə ilk səfərinizdir, yoxsa daha əvvəl Bakıda olmusuz?
- Birinci dəfədi Bakıya gəlirəm. Daha əvvəl heç olmamışam.
- Bakını bəyəndiz?
- Çox bəyəndim. Bakı çox gözəl, əla şəhərdi. Hiss olunur ki, durmadan inkişaf edir. Həqiqətən də zövq aldım.
- Səfərinizin məqsədi nədir?
- Azərbaycanda çoxlu dostlarım, tanışlarım var. Onlar xeyli müddətdir məni bura dəvət edirdilər. Lakin daha əvvəl gəlmək üçün imkan olmamışdı. Nəhayət, bu dəfə alındı. Azərbaycanda olduğum üçün şadam.
- Azərbaycan futbolu haqda hansı məlumatlara sahibsiz?
- Sözün açığı, elə də geniş məlumata sahib deyiləm. Bilirdim ki, Azərbaycanda futbola böyük maraq var. Klublar, milli komanda inkişaf edir.
- Burada gördüklərinizlə əvvəldən düşündükləriniz üst-üstə düşdü?
- Tam da, yox. Bura gəlişimin bir məqsədi də Azərbaycan futbolunun son durumu ilə tanış olmaq idi. Lakin gördüyümə əsasən deyə bilərəm ki, Azərbaycan futbolu çox da inkişaf etməyib. Hələ çox çalışmaq lazımdı. Əminəm ki, tezliklə futbolunuz daha da irəli gedəcək. Mən də bunu arzulayıram.
- Yəqin ki, daha əvvəl hansı türkiyəli mütəxəssislərin Azərbaycanda çalışmasından xəbərdarsız...
- Bəli, məlumatım var. Bilirəm ki, Bülənt Qorxmaz, Mustafa Dənizli, Oğuz Çətin kimi mütəxəssilərimiz burada çalışıb.
- Bu gün “Sumqayıt” - “Qəbələ” matçını izlədiniz. Matç haqda fikirləriniz necədir?
- Oyuna yalnız 1 hissə baxa bildim. Təəssüflə qeyd edim ki, oyunçuların səviyyəsi çox da yüksək deyil.
- Əsas problem nədədir?
- Artıq çəki problemini qeyd etmək olar. Məncə, məşqçilər ilk növbədə futbolçuların artıq çəki problemini həll etməlidilər.
- Artıq 4 ildir ki, futbolçu karyeranızı başa vurmusunuz. Nəyə görə hələ də məşqçiliyə başlamamısınız?
- Mən hazırda şərhçilik edirəm. Eyni zamanda daha əvvəl idman direktoru kimi də çalışmışam. Müəyyən vaxtdan sonra məşqçiliyə başlayacam. Sadəcə, mən işimə çox peşəkar səviyyədə yanaşıram. Birinci növbədə çalışdığım klubda heç kim işimə qarışmamalıdı. Kluba tam olaraq mən nəzarət etməliyəm. Həm əsas, həm də açağı yaş qrupları üzrə komandalara. “Eskişehirspor”da çalışdığım müddətdə 2 istedadlı gənci üzə çıxarıb, onları yaxşı qiymətə satdıq.
- Şablon səslənsə də, soruşmalıyam: təklif olsa, Azərbaycanda çalışarsız?
- Təbii ki, çalışaram. Amma bayaq da dediyim kimi, şərtlərim çox ağırdı (gülür). Bütün bunlara razı olan klub rəhbəri olsa, Azərbaycanda işləyə bilərəm. Hazırda Türkiyədə də ciddi təkliflər almışam. Tezliklə yeni iş yerim müəyyənləşə bilər.
- Nə vaxta kimi Bakıda qalmağı planlaşdırırsız?
- Sabah günorta Bakını tərk edib, Türkiyəyə qayıdacağam.
Mənbə: Futbolxeber.az