"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev "Neftçi"yə 0:2 hesabı ilə məğlub olduğu oyundan sonra jurnalistlərə müsahibə verib. Təcrübəli yarımmüdafiəçi Sportarena.az saytının da suallarını cavablandırıb.
- Öncə oyunla bağlı fikirlərini bildirərdin...
- Bizim üçün ən vacib oyunlardan biri idi. 8 il idi ki, rəqibə uduzmurduq. İstəyirdik ki, layiqli oyun göstərib, qələbə qazanaq. Ancaq alınmadı. Qismət belə imiş.
- İlk hissədən fərqli, ikinci yarıda "Xəzər Lənkəran"ı meydanda görmədik. Bunun səbəbi nə idi?
- Onu bilmirəm, vallah. Baxıb, səhvləri araşdıracağıq. Belə davam eləmək olmaz. Hər oyun çıxıb uduzuruq. Azarkeşlər də yazıqdı. Gəlirlər, komandanı dəstəkləyirlər. Görək də. Yanvara kimi səbr eləməliyik. Yeni ildən nəyisə dəyişmək olar. Bu cür oyuna "Xəzər"ə yaraşmır. Belə dəstəyin qarşılığında daha yaxşı oynamalıyıq.
- Komandanı çiynində aparmaqdan yorulmamısan ki?
- İnandırım sizi ki, bu, tək mənə yox, bütün komandaya psixoloji cəhətdən çox pis təsir edir. Hamısı cavan uşaqlardı. Hər oyun çıxırıq, məğlub oluruq. Ona görə də çox çətindi.
- Yanvardan sonra vəziyyətin düzələcəyinə həqiqətən ümid var, yoxsa bu, sadəcə sözdü?
- Vallah, bilmirəm. Rəhbərlik söz verib. Onlardan soruşsaz, daha yaxşı olardı. Biz də ümid edirik ki, nəsə olacaq. Belə davam eləmək olmaz.
- Hansısa irərliləyiş olmasa, komandadan getmək ehtimalın var?
- Açığı, mənim maya kimi müqaviləm var. Məncə, belə davam eləməz. Nəyisə dəyişmək lazımdı. Yazıqdılar, gəlirlər, dəstəkləyirlər. Amma nəticə yoxdu. Yaxşı olsa, qalıb oynamaq olar. Belə davam etmək olmaz. Hər dəfə məğlubiyyət olmaz.
- Belə başa düşdük ki, yanvardan sonra da vəziyyət dəyişməsə, Rahid Əmirquliyev "Xəzər Lənkəran"dan gedə bilər...
- Futboldu. hər şey ola bilər. Bunu heç kim deyə bilməz. Maya kimi müqaviləm var. Ancaq yanvarda hər şey bəlli olacaq.