"Qrupdan çıxmaq istəyiriksə, ingilislərə qalib gəlməliyik"

23:33 22 Noyabr 2015

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Premyer Liqanın 13-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (3:0) sonra sualları cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiniz?
- Çempionatdakı fasilədən sonra yenidən Premyer Liqaya köklənmək asan deyildi. Amma biz "Kəpəz"lə oyunun çətin keçəcəyini bilirdik. Oyundan öncə əsas izləyicimiz "Qəbələ"nin "Sumqayıt"la heç-heçə etdiyini də eşitdik. Ona görə də bu görüşdə qələbə qazanmaq bizim üçün xüsusilə vacib idi. Çünki liderliyimizi daha da möhkəmləndirə bilərdik.
- Deməli, "Qəbələ"nin xal itkisi sizi daha da motivasiya etdi?
- Təbii ki, bu, bizim üçün əlavə motivasiya oldu.
- Artıq əsas izləyicinizlə xal fərqiniz 9-a çatdı. Bu gedişlə "Qarabağ" bu mövsüm də özü-özünə rəqib olacaq?
- "Qəbələ"nin ötən mövsümün sonunda bütün oyunlarda necə qalib gəldiyini və bizimlə xal fərqini azaltdığını unutmaq olmaz. Ona görə də indiki 9 xallıq fərqə baxmayaraq, biz öz oyunumuzu sərgiləməyə davam etməliyik. Arxayınlaşmaq olmaz.
- Qurban Qurbanov sizi "Kəpəz"lə oyuna sağ cinah oyunçusu kimi buraxsa da, hiss olunur ki, mərkəzdə oynamağa çalışırsıız. Elə qolu da məhz mərkəzdən keçməklə vurdunuz. Cinahda oynamaq sizə rahat deyil?
- Mən hər iki mövqedə oynamağı bacarıram. İspaniya və Polşada da belə oynamışam. Baş məşqçi məni harada qoyursa, orada da oynayıram. Komandamın uğur qazanması üçün əlimdən gələni etməyə hazıram.
- "Qarabağ"ı qarşıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"i ilə oyun gözləyir. Qrupda üçüncü yerdə qərarlaşdığınızı nəzərə alsaq, şanslarınız barədə nə deyə bilərsiniz?
- Evdə oynayacağıq. Rəqibin güclü komanda olduğunu da başa düşürük. Qrupdan çıxmaq istəyiriksə, ingilislərə qalib gəlməliyik.
- Komandada bəzi itkilər var. Bu, çıxışınıza təsirini göstərə bilər?
- Bizim kifayət qədər oyunçumuz var ki, zədəli futbolçuları əvəzləsin. Amma təbii ki, Rəşad Sadıqovla Samuel Armenterosun qarşıdakı oyuna qədər sıraya dönməsi bizim üçün çox yaxşı olardı. Ümid edirəm ki, onlar tezliklə komandaya qoşulacaqlar.
Azerisport.az

 


Digər xəbərlər

Xəbər xətti