Dünya çempionatında ilk medal

12:26 23 Noyabr 2015

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, yarışın 2-ci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Yığmamızın lideri Valentin Xristov yığmamıza ilk medalı qazandırıb. O, ümumi nəticədə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

62 kq çəki dərəcəsində podiuma çıxan milliləşdirilmiş legionerimiz birdən qaldırmada 3 cəhdindən ikisini uğurla bitirib. Əvvəlcə 137 kq, ardınca 141 kq çəkini ram edən Olimpiya mükafatçımız üçüncü yanaşmasında sifariş verdiyi 143 kq çəkinin öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Xristov bu hərəkətdə kiçik bürünclə kifayətlənib.

 

Valentin təkanla qaldırmada da ilk “üçlüyə” daxil olub. Təmsilçimiz əvvəlcə 171, sonra 176 kq-ı başı üzərinə qaldırıb. Lakin ağırlıqqaldıranımız son yanaşmasında Avropa rekordu olan 181 kq-ı qaldırmağa cəhd etsə də, uğursuz alınıb. O, bu səbəbdən bu hərəkətdə də kiçik bürünc qazanıb.


Toplamda 317 kq (141 kq + 176 kq) nəticə göstərən Xristov yekun siyahıda da 3-cü yeri tutub. İlk 2 pillədə isə müvafiq olaraq, Lijun Çen (Çin) və Guk Kim Un (KXDR) qərarlaşıb. Çempion 333 kq (150 kq + 183 kq) çəkinin öhdəsindən gəldiyi halda, gümüş medalçı ondan 5 kq geri qalıb – 328 kq (151 kq + 177 kq).

 

Xristovla müqayisədə digər əcnəbi idmançımız Silviya Angelova çox zəif çıxışı ilə yadda qalıb. 33 yaşlı xanım idmançımız cəmi 5 rəqibini qabaqlayaraq, 34-cü yeri tutub.

 

O, birdən qaldırmada 2 hərəkətini boşa verib. Əvvəlcə 67 kq çəkini sifariş edən Angelova bunu ram etməyi ikinci yanaşmasında bacarır. Silviya üçüncü cəhddə 72 kq sifariş etsə də, uğursuz alınıb.

 

Təkanla qaldırmada da Angelova bir yanaşmasını boşa verib. Əvvəlcə 85 kq çəkini başı üzərinə qaldıran təmsilçimiz ardınca sifariş etdiyi 90 kq çəkinin öhdəsindən üçüncü cəhdində gəlib.

 

Beləliklə, o, toplamda 157 kq (67 kq + 90 kq) nəticə ilə ilk “30-luq”dan kənarda qalıb.

 

Qeyd edək ki, noyabrın 28-dək davam edəcək mundialda daha 9 idmançımız podiuma çıxacaq.


Digər xəbərlər

Xəbər xətti