"Böyük oyun"ların 24-cüsü

14:53 23 Noyabr 2015

Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran”la səfər oyunu “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayevin bu postdakı debütü ilə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, futbolçu kimi çıxış etdiyi klubun “sükanı arxasında” ilk matçda 2:0 hesablı qələbəyə şahid olan 55 yaşlı mütəxəssis Azərbaycan çempionatları tarixində “ağ-qaralar”ın 21-ci baş məşqçisi olub. Belə ki, 1992-ci ildən Lənkərandakı matçadək 20 mütəxəssis “Neftçi”ni çempionat oyununa çıxarıb. Bu görüşlərdə paytaxt təmsilçisinin rekordçusu Kazbek Tuayevdi – 132 oyun.

 

Abdullayev Azərbaycan çempionatlarında həm futbolçu, həm baş məşqçi kimi “Neftçi”nin şərəfini qoruyanların sayını 5-ə çatdırıb. Onadək Qurban Qurbanov, Arif Əsədov, Tərlan Əhmədov və Samir Əliyev də hər iki ampluada “ağ-qaralar”ın sıralarında olub.

 

Debütü “Böyük oyun”a təsadüf edən Abdullayev “Neftçi”ni “Xəzər Lənkəran”la oyuna çıxaran 13-cü baş məşqçidir. Bütün turnirlərdəki “Böyük oyun”larda son matçadək hər komandaya 12 mütəxəssis rəhbərlik etmişdi. Ağasəlim Mircavadov hər iki komandada çalışdığından Abdullayev prinsipial rəqiblərin görüşlərində ümumilikdə 24-cü baş məşqçi olub. “Böyük oyun”larda məhz Mircavadov hamıdan çox – 13 qarşılaşmada iştirak edib.


Digər xəbərlər

Xəbər xətti