"Qarabağ"ın oyununda ciddi təhlükəsizlik tədbiri: Xüsusi yoxlanış olacaq

15:06 23 Noyabr 2015

"Qarabağ"ın noyabrın 26-da İngiltərə "Tottenhem"i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçı ilə əlaqədar Tofiq Bəhramov adına Respublika stadionunda ciddi təhlükəsizlik tədbirləri görüləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib.

 

Direktorun sözlərinə görə, noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş vermiş terror aktından sonra qitənin hər yerində təhlükəsizlik məsələlərinə daha ciddi önəm verilməyə başlayıb. Bu baxımdan, "Qarabağ" - "Tottenhem" qarşılaşması da istisna olmayacaq. Ş.Quliyev artıq müvafiq strukturlarla görüşlərin də keçirildiyini və bu istiqamətdə müzakirələrin aparıldığını bildirib: "Təkcə oyun günü deyil, matçdan əvvəl də ayıq-sayıqlıq artırılıb. Noyabrın 24-dən stadionumuza giriş xüsusi buraxılışla olacaq. Oyun günü tamaşaçılar xüsusi yoxlanışdan sonra içəri buraxılacaqlar. Təhlükəsizliyi təmin etmək üçün əlavə qüvvə cəlb olunacaq".

 

Terror təhlükəsi ilə əlaqədar Avropada bir neçə oyunun baş tutmadığını xatırladan Ş.Quliyev "Tottenhem" kimi məşhur komanda ilə qarşılaşmada təşkilatçılığın ən yüksək səviyyədə olacağına inam ifadə edib.

 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti