"Uşaq səhvlərindən sonra qollar buraxırıq" - Tərlan Əhmədov

19:36 23 Noyabr 2015

"Oyunla bağlı deməyə çox sözüm yoxdur. Düşünürəm ki, ilk hissədə komandam arxayın davrandı. Bəlkə də “İnter”dən rahat xal alacağımızı düşünürdülər, amma futbol bunu qəbul etmir. İkinci hissədə toparlansaq da, nə isə edə bilmədik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. O, Premyer Liqanın XIII turunda "İnter"ə 0:2 hesablı məğlubiyyəti şərh edib:

 

"Ümumiyyətlə, biz uşaq səhvlərindən sonra qollar buraxırıq. Hərdən düşünürəm ki, belə səhvlər ola bilərmi? Bütün bunlara baxmayaraq, həyat davam edir. Biz səhvlərimiz üzərində işləməli və problemi aradan qaldırmalıyıq".

 

Əhmədov oyundan sonra polislərlə yaranmış mübahisəyə də aydınlıq gətirdi: "Oyundan sonra ciddi bir şey olmadı. Sadəcə, polislə rəhbərlik arasında kiçik insident yaşandı. Hər halda, polis klub rəsmisini tanımaya bilər. Amma həmin yerdə AFFA-dan bir nümayəndə olarsa, belə bir problem yaşanmaz. Eyni zamanda, klub rəsmilərini tanıyan klub nümayəndəsi də bu problemi aradan qaldıra bilər".

 

Baş məşqçi düşərgəyə yeni futbolçuların gəldiyini gizlətməyib: "Futbolçularımın fərdi səhvləri var. Eyni zamanda, oyunlar vaxtı səviyyə fərqi öz sözünü deyir. Futbolçular I Divizion əhval-ruhiyyəsindən çıxmalıdırlar. Biz artıq qışdan sonranın planlarını da qururuq. Artıq bu gün düşərgəyə iki oyunçu gəlib, onların durumuna baxacağıq. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək".


Digər xəbərlər

Xəbər xətti