Bir neçə gün öncə "Əskişəhərspor"dan ayrılan Muarem Muaremin adı sabiq komandası "Qarabağ"la hallanır. Muarem Türkiyədə uğursuz çıxışı və adının sabiq komandası ilə hallanmasına "Futbol+" qəzetinə verdiyi müsahibədə aydınlıq gətirib.
- Öncə “Əskişəhərspor”da duruş gətirə bilməməyinin səbəbləri haqda danışaq. Nə baş verirdi?
- Onlar məni qışdan istəyirdi. Yadınızdadırsa, klub prezidenti hətta iki dəfə Antalyada “Qarabağ”ın düşərgəsinə baş çəkmişdi. Müqaviləm davam etdiyindən iki klub öz arasında razılaşmalıydı ki, bu da alınmadı. Dedilər mövsüm başa çatana qədər gözləyərik, anlaşmanın müddəti bitən kimi gəl. Mən də Avstriya toplanışında komandaya qoşulub müqaviləyə imza atdım. Yoldaşlıq görüşlərinin hamısında meydana çıxdım. Daha sonra Ankarada bir turnir vardı, oda çıxış etdim, daim oynayırdım. Çempionat başlayanda baş məşqçi mənə güvənmədi. Bir “Sivasspor”la oyunda şans verdi, bir də kubok qarşılaşmasında, vəssalam. Sonra baş məşqçi dəyişikliyi baş verdi. Ancaq yeni gələn də mənə güvənmirdi. 4 oyundan sonra o da getdi, bir başqası gəldi. O da başqalarından fərqlənmədi. Məni ora dəvət edən rəsmilərdən soruşurdum, qərarın baş məşqçiyə aid olduğunu deyirdilər. Nə baş verdiyini özləri də anlaya bilmirdi. Belədə “Əskişəhərspor”dan ayrılmaq istədiyimi dedim. Sağ olsunlar, anlayışla qarşıladılar.
- Bəlkə problem səndə idi? Nizam-intizama əməl etmirdin, ya məşqlərə ciddi yanaşmırdın?
- Xeyr, bunların heç biri səbəb ola bilməz. İntizam qaydalarına son dərəcə ciddi yanaşmışam. Nə vaxt lazım olub gəlmişəm, nə vaxt lazım olub getmişəm. Çalışmalarda da əsas heyətdə yer almaq üçün can qoyurdum. Bunların əlaqəsi yoxdu.
- Sərbəst futbolçusan. Bundan sonra nə etmək fikrin var?
- Hazırda əksər ölkələrdə çempionat davam edir. Fasiləyə 1 ay vaxt var. Bu müddət ərzində gələn təkliflərə nəzər salıb, ən yaxşı variantı seçəcəm. İndiki məqamda konkret söz deyə bilmərəm. Hələ ki, gözləyirəm.
- Bəlkə “Qarabağ”?
- Bu baş versə, sevinərəm. 3,5 il komandanın şərəfini qorumuşam, birlikdə xoş günlərimiz olub. Ancaq mənim istəyimlə iş bitmir. Son qərar Qurban hocanındı.
- Qurban bəy “qapımız Muaremin üzünə açıqdı” dedi. Deməli, “Qarabağ”a qayıtmaq şansın yox deyil. Zəng vursalar, düşünmədən Bakıya gələrsən, yoxsa müqavilə detallarını müzakirə etmək üçün düşünərsən?
- Baş məşqçinin dediklərini saytlarda oxumuşam. Həmişəki kimi, peşəkar səviyyədə cavab verib. Deyib ki, indidən o haqda danışmaq tezdi, qarşıda bir ay vaxtımız var. Tam düz buyurub. “Qarabağ”
camiəsi mənə doğmadı. Rəhbərlik, futbolçular, məşqçilər heyəti, personal, azarkeşlər – bir sözlə, hamı. “Neftçi” ilə kubokun final matçından sonra da Qurban hocayla da söhbət etdim. Həmin vaxt da “ nə vaxt gəlsən, qapımız üzünə açıqdı” demişdi. Mən də nə vaxtsa “Qarabağ”a dönəcəyimi söyləmişdim. O bizə həm qardaş olub, həm məşqçi, yeri gələndə ata. Ona görə də Qurban hoca istəsə, günü sabah gələrəm. Müqavilə şərtləri və pulla bağlı problem yaşayacağımızı düşünmürəm. Ona görə dəvət gələcəyi təqdirdə çox fikirləşmərəm.
- Həyatda səhv etməyən insan yoxdu. “Qarabağ”ı “Əskişəhərspor”a dəyişməyi karyeranın ciddi səhvi kimi qəbul edirsən?
- Bu həyat Allahın əlindədi. Kimsə sabah başına gələcəyini bilmir. 6 ay, yaxud bir il sonra başımıza nə iş gələcəyindən xəbərsizik. Hamımız ən yaxşısına ümid edirik, bəzən alınır, bəzən yox. Mən də o vaxt üçün o qərarı qəbul etdim. Azərbaycanda çempion olduq, kubok qazandıq, Avroliqanın qrupunda oynadıq. Sadəcə, özümü superliqada sınamaq istədim. “Qarabağ”a arxa çevirsəydim, problemlə ayrılsaydım, indi peşmanlıq hissi keçirərdim, ya da bunu səhv qərar kimi qəbul edərdim. Orda möhtəşəm 3,5 il keçirdim. Qurban hoca ilə də getməmişdən öncə söhbət etdim. O da razılıq verdi, uğurlar arzuladı. Həyat insanlara təcrübə qazandırır. Mənim üçün böyük təcrübə oldu. Səhvi isə dediyiniz kimi, hər birimiz buraxa bilərik.
- Qarşıda “Qarabağ” – “Tottenhem” oyunu var. Bələ Bakıya gəlib sabiq komanda yoldaşlarını dəstəkləyəsən?
- Qardaş, özünüz də bilirsiz ki, neçə vaxtı ailəmdən, yaxınlarımdan uzaq düşmüşdüm. Ona görə də indi onların yanında olmaq istəyirəm. Özüm Bakıda olmasam da, ürəyim orda olacaq. İnşallah, “Qarabağ” sərfəli nəticə qazanar. Fürsətdən istifadə edib uğurlar arzulayıram.
- Türkiyədə olduğun dönəmdə “Qarabağ”ın çempionat və Avroliqa görüşlərini izləyirdin?
- Əlbəttə, baxırdım. Imkan düşəndə canlı izləyirdim, alınmayanda da videogörüntülərlə kifayətlənirdim. Eyni zamanda Azərbaycan mətbuatını diqqətdə saxlayırdım.
- Sən, Leroy Corc və Vüqar Nadirov gedəndən sonra “Qarabağ”a çoxlu yeni futbolçu cəlb olunub. Nə dəyişib?
- Dəyişən yalnız futbolçuların adıdı, başqa heç nə. Belə olmasaydı, komanda ardıcıl ikinci dəfə qrup mərhələsinə vəsiqə qazanmazdı, indi də Premyer Liqada lider olmazdı. Həmin oyundu, həmin ailədi.
- “Qarabağ”lılardan kimlə əlaqə saxlayırdın?
- Bir çox futbolçuyla. Ancaq ən çox Aqolli və Şehiçlə.
- Leroyla necə?
- İlk vaxtlar bir neçə dəfə telefonda danışdıq. Sonra zənglər nisbətən səngidi. Ayri-ayrı şəhərlərdə qalırdıq deyə, görüşmək çətin idi.
- “Feysbuk”da “Qarabağ” forması ilə şəklini sən paylaşmışdın, yoxsa sənin adınla saxta profildi?
- Saxta deməyək. Azərbaycanda yaşayan “Qarabağ” fanatıdı. Səhifəni o açıb, o da işlədir. O şəkili paylaşmasından da xəbərdaram. Öz istəyidi, mən ona söz deyə bilmərəm ki.
- Azarkeşlərə sözün var?
- Hər birinə minnətdaram. Onlara ödəyə bilməyəcəyim qədər borcum var. “Əskişəhərspor”da olarkən də yazırdılar, maraqlanırdılar. Ayrılmışam, indi də axtarırlar, soruşurlar. Qismət olsa, nə vaxtsa yenə görüşərik.