"Qəbələ" klubunun futbolçusu Rəşad Sadiqov Yunanıstan PAOK-u ilə Avropa Liqasındakı səfər matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb. Sportarena.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi keçmiş komandası "Qarabağ"ın İngiltərə "Tottenhem" ilə oyunda şanslarından da danışıb...
- PAOK-la səfər matçınız barədə nə düşünürsünüz?
- Çətin oyun olacaq. Bu, son şansımızdır. Qrupdan çıxmaq istəyiriksə, qələbə qazanmalıyıq. Bizim üçün yaxşı nəticə yalnız bu olmalıdır. 3 xal qazanmalıyıq ki, bəlkə "Borussiya" "Krasnodar"ı məğlub edəcək və bizə də yenə şans qalacaq. Qələbə üçün əlimizdən gələni edəcəyik.
- "Sumqayıt"la oyundan sonra vaxtınız az idi. Qarşıdakı matça istədiyiniz kimi hazırlıq keçə bildiniz?
- Pis hazırlaşmamışq. Peşəkar komanda 3 gündən bir oynamağa öyrəşməliyik. Məncə, öyrəşmişik də... Tam gücümüzlə çıxış edə biləcəyik. Sadəcə, heyətdə Dodo yoxdur. Fikrimcə, pis hazırlaşmamışıq və qələbə üçün əlimizdən gələni edəcəyik.
- Kapitanın yoxluğu komandaya necə təsir edə bilər?
- Ola bilər təsir etsin, ola bilər etməsin. Bunu zaman və oyun göstərəcək. Futbol kollektiv oyundur, bir nəfər üzərində qurulmur. Onun yerini doldurası futbolçumuz yetərincədir. Hər şey oyundan sonra bilinəcək.
- Səfər matçında qələbə qazanmaq üçün "Qəbələ" nəyə xüsusi diqqət yetirməlidir?
- Məncə, əsasən, sürətli hücumlara çıxmaq lazımdır. Əks-hücum da, kombinasiyalı hücum da olsa, sürətli olmalıdır. Rəqibi anidən yaxalayaraq, qollar vurmaq lazımdır. Necə ki, "Panatinaikos"a qarşı oynadıq, PAOK-la da elə oynamalıyıq.
- Az-az şans qazanmağınızın səbəbi nədir?
- Ola bilər, şans az verilir. Bu da baş məşqçinin fikridir. Kimisə nəzərdə tutur, oynadır. Əvvəllər məni nəzərə alırdı, indi başqasına şans verir. Bunu normal qəbul edirəm. Mənlik bir şey yoxdur.
- Uğursuzluq olduqda söz-söhbətlər də yayılır. Son günlər "Qəbələ"də futbolçular arasında qruplaşmanın yarandığına dair şayiələr dolaşır. Belə bir hal var?
- Açığı, belə şey yoxdur. Kimlərsə özlüyündə fikirləşə bilər ki, qrup yaradır. Komandada azərbaycanlı futbolçuların sayı az deyil. Birgə oturur, yemək yeyir, çay içirik. Biz tərəfdən belə bir şey görməmişik. Kimlərinsə qruplaşma yaratdığını da eşitməmişik. Ola bilsin, ayrı-ayrı ölkələrdən olan legionerlər bir-birilərini bəyənməsinlər. Bu, hər bir futbol klubunda var. Amma inanmıram ki, qruplaşma olsun. Olsa, rəhbərlik həmin qruplaşmanı dağıdar, komandadan təmizləyər.
- "Qəbələ" ilə eyni gündə "Qarabağ" da İngiltərə "Tottenhem"i ilə Avropa Liqası matçına çıxacaq. Keçmiş komandanızın qrupdan çıxma şanslarını necə dəyərləndirirsiniz?
- Məncə, "Qarabağ"ın qrupdan çıxma şansları var. "Tottenhem"i məğlub edəcəyi təqdirdə, Ağdam komandasının xal durumu yaxşılaşacaq və son turda Belçikada "Anderlext"lə matçdan yaxşı nəticə ilə qayıtmaq olar. "Qarabağ" yaxşı komandadır. "Tottenhem"i yenmək də olar, uduzmaq da. Sadəcə, uğurlar arzulayıram. İstərdim ki, qələbə qazanaraq qrupdan çıxsınlar. (REPORT)