“Məni sabahkı oyunla bağlı ən az narahat edən yağışdı”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” sabah PAOK-un qonağı olacaq. Matçdan öncə “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı mətbuat konfransı keçirib.
Qriqorçuk yunanlarla səfər qarşılaşmasında yaxşı nəticəyə imza atmağa çalışacaqlarını bildirib: “Yağışın yağması məni narahat etmir. Bu, problem deyil. Sabahkı proqnozda havanın isti olacağı bildirilir”.
- Zədədən yeni qayıdan futbolçular – Bezotosnı və Zetsin son durumu nə yerdədi?
- Vəziyyətləri yaxşılaşıb. Dododan başqa hamısı məşq edir. Nəzərə almaq lazımdı ki, zədəli oyunçular 2-3 həftəlik fasilədən sonra məşqə başlayıblar. Bu, onların optimal vəziyyətdə olmadığını göstərir. Amma biz sabah risk edib, bəzilərinə şans verəcəyik.
- Yunan klubları bu mövsüm sizin komandanızla bacarmır. Sabahkı qarşılaşmada bu seriyanı davam etdirəcəyinizə inanırsızmı?
- (Gülür) Sabahkı görüşdə komandamdan ideal futbol gözləyirəm. Bu, gözəl oyun və qələbə deməkdi. Mən hansısa seriya barəsində danışmağı xoşlamıram. Amma istərdim ki, bu seriyanı qoruyub saxlayaq.(apasport.az)