Yunanlarla 4-cü duel

12:57 26 Noyabr 2015

Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ” son səfər matçını keçirmək üçün Yunanıstana yollanır. Komandamız noyabrın 26-dan 27-nə keçən gecə “C” qrupu çərçivəsində Saloniki şəhərində yerli PAOK-la qarşılaşacaq. Görüşün start fi ti Bakı vaxtı ilə saat 00:05-də çalınacaq.

 

Maraqlıdır ki, bu, “Qəbələ”nin avrokuboklarda yunanlarla 4-cü “duel”i olacaq. “Qırmızı-qaralar” Avroliqanın pley-off mərhələsində Elladanın digər təmsilçisi “Panatinaikos”u səfər qolu sayəsində (0:0; 2:2) mübarizədən kənarlaşdırıb. “Panatinaikos”dan fərqli olaraq, PAOK cari mövsüm daha iddialıdır. İndiyədək Yunanıstan Superliqasında 2 dəfə qızıl, 6 dəfə gümüş medallara yiyələnən, 17 dəfə ölkə kubokunun finalında çıxış edən salonikililərin qitəmiqyaslı yarışlarda da böyük təcrübəsi var. PAOK son 6 ildə 5-ci dəfədir Avroliqanın qrup mərhələsinə yüksəlir. 2010/11, 2011/12 və 2013/14 mövsümlərində 1/16 finala vəsiqə qazanan yunanların bu turnirdə ən böyük uğuru 1/4 fi nala çıxması olub (1973/74 mövsümü). Ümumiyyətlə, Saloniki klubu avrokuboklarda 150 oyun keçirib (54 qələbə, 47 heçheçə, 49 məğlubiyyət).

 

“Qəbələ”nin bu rəqiblə Bakıda keçirdiyi ilk görüş “sülh”lə nəticələnmişdi - 0:0. Ən maraqlı fakt isə budur: bu vaxta qədər Azərbaycan və Yunanıstan klublarının iştirakı ilə qitə meydanlarında gerçəkləşən 5 oyunun hamısı heç-heçə bitib. “Qırmızı-qaralar”ın yunanlarla 3 görüşündən savayı, “İnter”in 2012/2013 mövsümündə Avroliqanın ikinci təsnifat mərhələsində “Asteras”la qarşılaşmaları da bərabərliklə başa çatıb – 1:1; 1:1. Həmin vaxt yalnız penaltilər seriyasında “Asteras” ın bəxti gətirmişdi.

 

“Qəbələ” kimi, PAOK da Avroliqanın qrup mərhələsində qələbə üzünə həsrətdir. Komandamız 4 turdan sonra 1 xal topladığı halda, yunanların aktivində 3 xal var (3 heç-heçə, 1 məğlubiyyət). Bundan başqa, “qırmızı-qaralar”ı sevindirməyən digər statistik göstəricilər də var. Məsələn, “Qəbələ” avrokuboklarda səfər matçında qələbə qazana bilməyib (2 bərabərlik, 5 məğlubiyyət). Son 6 oyunda isə nə qədər çalışsaq da, meydançanı qalib tərk etməyi bacarmamışıq. Lakin faktiki olaraq, nə “Qəbələ”, nə də PAOK qrup mərhələsini adlamaq şansını tam itirib. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv 1/16 finala adlamaq üçün qalan hər iki görüşdə qələbə qazanmalı, eyni zamanda qrupda ikinci pillədə yer alan Rusiyanın “Krasnodar” klubunun məğlubiyyətlərinə ümid bəsləməlidir.

 

Noyabrın 21-də “Qəbələ” həm də qitəmiqyaslı yarışlarda yubiley - 15-ci sınağına çıxacaq. Geridə qalan 14 oyunun statistikası belədir: 3 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət, topların fərqi 11:20. Şübhəsiz ki, oyun ərəfəsində “Qəbələ”nin məşqçilər korpusunun heyətlə bağlı narahatlığı var. Yayda məhz PAOK-dan icarəyə götürülən Fakundo Pereyra qarşılıqlı razılığa əsasən, Salonikidə keçmiş komandasına qarşı forma geyinməyəcək. PAOK-un heyətində isə bütün diqqətlər yaxın keçmişin ulduz futbolçusu Dimitar Berbatova yönələcək. Yəqin ki, həmin gün bolqar hücumçu qol vurmaq üçün həmişəkindən çox səy göstərəcək. Axı, daha 1 qol sayəsində o, həmyerlisi, əfsanəvi Xristo Stoiçkovu geridə qoyaraq 35 qolla avrokuboklarda ən çox fərqlənən bolqar futbolçu adına yiyələnə bilər.

 

İstənilən halda, təkcə Berbatovu yox, rəqibin bütün üzvlərini nəzarətdə saxlamalı, onlara meydanda sərbəst hərəkət imkanı verməməli və xoşbəxtliyi rəqib qapısı önündə axtarmalıyıq. “Qəbələ” yunanları şoka salmağı bacarır. Adlı-sanlı “Panatinaikos”un pley-offdan uzaqlaşdırılmasını Elladada uzun müddət unutmayacaqlar. Ümid edək ki, bu dəfə də “qırmızı- qaralar” Vətənə üzüağ, alnıaçıq qayıdacaqlar.

 

"Qəbələ İK"


Digər xəbərlər

Xəbər xətti