Ötən gün Nardaranda həlak olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev bu gün ikinci Fəxri Xiyabanda torpağa tapşırılıblar.
Sportarena.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun kollektivi qəhrəmancasına həlak olmuş polislərimizin məzarlarını ziyarət edib. Mərhumların qəbirləri üzərinə əklil qoyulub, ruhlarına dualar oxunub. Anım mərasimində klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov polislərimizin göstərdiyi qəhrəmanlıqdan söhbət açaraq, onların Azərbaycanın tarixinə düşdüklərini və hər bir ölkə vətəndaşının xatirəsində əbədi yaşayacaqlarını qeyd edib.
Qeyd edək ki, Vüqar Nəsibov və İsmayıl Tağıyev noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki polis əməkdaşını ölümündən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.
Qeyd edək ki, kikboksinq üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş Vüqar Nəsibov “Neftçi İdman Klubu”nun kikboksinq üzrə məşqçi-müəllimi idi.
Allah rəhmət eləsin!