"Neftçi” Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində qarşılaşacağı "Qarabağ” klubu ilə oyunun hazırlığını başa vurub.
Sportarena.az xəbər verir ki, "Bakcell Arena”dakı məşqdən sonra futbolçular – Rəhman Hacıyev və Rahil Məmmədov Neftçi TV-yə açıqlama veriblər.
Rəhman Hacıyev: "Oyuna ciddi hazırlaşırıq. Komanda yoldaşlarıma, rəhbərliyə, məşqçilərə güvənirəm. İnşallah, meydana çıxıb 3 xalı qazanacağıq. Azarkeşlərə demək istəyirəm, gəlib yenə bizə dəstək olsunlar. Düzdür, hazırkı vəziyyətimiz o qədər də pis deyil. Amma hamımız bir olub bu vəziyyətdən çıxmalıyıq”.
Rahil Məmmədov: "Hər bir oyuna hazırlaşdığımız kimi, "Qarabağ”la görüşə də ciddi hazırlaşırıq. Bizi çox çətin oyun gözləyir. Rəqib avrokuboklarda iştirak etdiyindən yaxşı vəziyyətdədir. Bununla belə, biz qələbəyə köklənmişik. "Xəzər Lənkəran” üzərində qələbə komandaya psixoloji cəhətdən çox kömək oldu. Komandada atmosfer əladır. Məncə, "Qarabağ”la oyunda bu bizə çox kömək olacaq”.