"Bizim şanslarımız daha çox oldu. Amma bilirsiz ki, hər şey şansla olmur. Sonda nəticə "Neftçi"nin xeyirinə oldu. Yorğunluğu bəhanə gətirmək istəmirəm. Futbolda belə hallar olur. Hər dəfə dəyişkən heyətlə oynadığımız üçün çətinliklərimiz olur. Bütün bunlar bəhanə deyil. Əsas odur ki, "Neftçi" bu gün yaxşı oyun göstərdi. Heç-heçə də ədalətli nəticə ola bilərdi. "Neftçi"ni təbrik edirəm. Bu oyunu unutmaq lazımdır".
Bu sözləri Sportarena.az-a açıqlamasında "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib. Təcrübəli futbolçu Premyer Liqanın XIV turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyun haqda fikirlərini açıqlayıb.
İsmayılov yorğunluğu bəhanə gətirməməli olduğunu bildirib: "Elvin Yunuszadə yorğunluğu bəhanə gətirməməlidi. Çünki Avroliqada oynamır (gülür). Yorğunluğu biz bəhanə gətirə bilərik. Bəhanəlik bir şey yoxdu".
Əfran son oyunlarda qapı ağzında inamsız oynamasını belə izah edib: "Qapının ağzında eliyə biləcəyimi elədim, top dirəyə dəydi. Bir az sürüşmə də oldu. Futboldu da. Top qapıya girməyəndə, girmir".
Yarımmüdafiəçi rəqibləri ilə xal fərqini qoruyub-saxlamalı olduqlarını söyləyib: "Heç vaxt rahatlaşmırıq. Mən xal fərqini bilmirdim. Bu gün bildim ki, 9 xal öndəyik. Əsas odur ki, liderik. Bunu qoruyub saxlamaq lazımdır. Futbolda məğlubiyyət də olur. Sadəcə, bundan nəticə çıxarmalıyıq".