Premyer Liqasının XIV turunun “Zirə” ilə səfər oyununda (0:1) “Xəzər Lənkəran” məğlub olub, lakin bu matç həm də debüt və yubileylərlə də yadda qalıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın gedişində meydana daxil olan Namiq Qocayev karyerasında ilk dəfə rəsmi matçda əsas komandanın formasını geyinib. O, klubun tarixinə 195-ci futbolçu kimi düşüb. Qocayev milliləşənlər də nəzərə alınmaqla 112 legionerə güvənən komandanın 83-cü yerli futbolçusu olub. Gənc futbolçu Premyer Liqada “Xəzər Lənkəran” forması geyinən 188-ci oyunçudur.
Qocayev “Xəzər Lənkəran”da 17 yaş 348 günlüyündə debüt edib. O, klub tarixinin 6-cı gənc (18 yaşdan aşağı) oyunçusudur. Bu göstəricidə rekord Elnur Cəfərova məxsusdur – 15 yaş 321 gün. Kazım Kazımlı 16 yaş 67 günlük, Fikrət Ulduzlu 16 yaş 237, Rahid Əmirquliyev 16 yaş 344 günlük, Kamran Abdullazadə 17 yaş 144 günlük olarkən komandada rəsmi matça çıxıb.