Bu gün “Kəpəz”in həkimi Şıxəli Həsənovun doğum günüdür. Futbol sahəsində həkimliyə Gəncə klubunda başlamış Şıxəli həkim komandanın sevilən üzvlərindəndir. Sportarena.az xəbər verir ki, klubun rəsmi saytı Həsənov üçün əlamətdar gündə ondan müsahibə alıb.
- Təbrikinizə görə minnətdaram. Sözün düzü, hamı kimi mən də doğum günü ilə bağlı təbriklər gözləyirəm. Zəng vurub xoş söz deyənlər də var, amma hələ gözlədiyim təbriklər də az deyil. Hədiyyəyə gəlincə, həmişə həkimlər hədiyyə alan olur (gülümsəyir).
- Doğum gününüzü yenə səfərdə qeyd edəcəksiz...
- Futbola gəldiyim ilk gündən bu günə kimi doğum günlərimi bir qayda olaraq evdən kənarda komanda ilə birgə qeyd etmişəm. Ailəmin içində olmamışam. Təbii ki, evdə olan günü yaxınlarımın əhatəsində məclis qurulur.
- Futbola gəlişiniz necə olub?
- Ali məktəbi bitirdikdən sonra təyinatla Gəncəyə gəlmişəm. 1993-cü ildən Təcili Tibbi Yardım Stansiyasında çağırışçı həkim vəzifəsində çalışmağa başlamışam. Yaxın dostum, həmkarım Namiq Nəbiyevin məsləhəti ilə 2002-ci ildə futbol sahəsinə gəlmişəm, “Kəpəz”ə keçmişəm. Bu günə kimi də çalışıram, futbolu seçdiyimə görə də peşman deyiləm.
- “Kəpəz”lə yanaşı, ölkənin digər klublarında da işləmisiz...
- Bəli, indi “Qəbələ” adlanan klubda, eləcə də “Araz Naxçıvan”da işləmişəm. Hansı komandaya getmişəmsə, mənim üçün xoş olub. Onu da deyim ki, 11 il öncə Şahin Diniyev “Kəpəz”ə başçılıq edəndə komandanın tərkibində olmuşam, elə cari mövsümün əvvəlində Şahin müəllimin dəvəti ilə yenidən kluba qoşuldum. Həmişə çalışdığım klublarda bacardığımın və bacarmadığımın artığını etməyə çalışmışam.
- Necə düşünürsüz, idman sahəsində çalışan həkim olmaq asandı, yoxsa çətin?
- Çətindir və eyni zamanda daha çox məsuliyyətlidir. Bu tək səfərlərdə çox olmaqla bağlı deyil. Sadəcə, elə bir zədələr və ya xəstəliklər olur ki, qısa müddətdə aradan qaldırmalısan. Futbolçunu tez bir vaxtda oyun üçün hazırlamalısan. Məsuliyyəti hiss edib oyunçunun üzərində işləyirsən, bəzən bir sutka, bəzən isə yarım günə onu bərpa edib oyuna çıxarmalısan. Zədənin və xəstəliyin əziyyətini, ağrısını həkim futbolçu ilə birgə çəkir.
- Zədə ilə bağlı elə bir hadisə olub ki, yadınızda daha çox qalsın?
- Olub, çox olub. Zədəli futbolçunu tez bir zamanda ayağa qaldıranda zəhmətim boşuna getmədiyi üçün fərəh hissi keçirmişəm. Bəzən elə zədələr olub ki, müdaxilə edə bilməmişəm və əməliyyat qaçılmaz olub. Həmin vaxt peşmançılıq çəkmişəm. Oyunçu zədə alıb futboldan kənarda qalanda həkim əziyyət çəkir. Heç bir həkim istəməz ki, futbolçu ağır zədə alsın. Zədə almaq da həkimdən yox, oynamaqdan asılıdır.