Taekvondoçular 2015-ci ilə Azərbaycan çempionatı ilə yekun vuracaqlar. Sportarena.az xəbər verir ki, dekabrın sonlarında 2 yarış keçiriləcək.
Belə ki, Azərbaycan birinciliyinə gənclər start verəcəklər. Dekabrın 22-24-nə təsadüf edəcək yarış “Sərhədçi” Olimpiya İdman Kompleksində baş tutacaq. Dekabrın 25-də isə böyük yaş qrupları üzrə ölkə çempionatı start götürəcək. 3 gün davam edəcək yarışda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandaların müvafiq hazırlığa malik idmançıları mübarizə aparacaqlar.
Bu çempionatlar ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, federasiya mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.
Yarış “Daeodo” beynəlxalq sistemi ilə keçiriləcək. Çempionatda, həmçinin video təkrar sistemi də tətbiq olunacaq.