"Bakı"nın icraçı direktoru Yaşar Seyidov xorvatiyalı müdafiəçi Duje Bakoviçin onlardan FİFA-ya şikayət ünvanlamasına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, açıqlamasında o, bunları söyləyib:
"Onun FİFA-ya şikayət etdiyini bilirik. Biz də öz mövqeyimizi dünya futbol qurumuna bildirmişik. Cavab gözləyirik. Bu problemi yoluna qoymağa çalışırıq. Bakoviç bizdən şikayət edən ilk futbolçu deyil. Onlar sadəcə, müqavilədə olan problemlərdən istifadə edirlər.
Premyer Liqamızda FİFA-ya şikayət olunan klub yoxdur. Problem ondadır ki, bu, bütün klublarımıza aiddir. Çünki biz müqavilə bağlayarkən Türkiyə təcrübəsindən istifadə etmirik. Məsələn, futbolçu ilə 100 000 dollarlıq müqavilə imzalanırsa, onun 30 faizini alır, qalanını isə keçirdiyi oyun sayına görə qazanmalıdır. Yəni mövsüm ərzində 36 oyun keçirirsə, məbləği də iştirak etdiyi oyunlara uyğun olmalıdır. Amma fərqli müqavilə ilə oynayan futbolçular meydana çıxdı, çıxmadı, böyük pullar qazanır. Bu təcrübədən hətta Madrid "Atletiko"su da yararlanır. Mən Klublar Komitəsinin ötən mövsüm baş tutan iclaslarının birində bu məsələni qaldırmışdım". Azerisport