Şaolin döyüş sənəti idman növü üzrə yeniyetmələr, gənclər və kişilər arasında "Şaolin-Sanda” İdman Klubunun açıq birinciliyi keçirilib. Sportarena.az xəbər verir ki, Bakının 111 saylı orta məktəbin idman zalında təşkil olunan yarışda klubun idmançıları ilə bərabər paytaxt və respublikanın müxtəlif regionlarından 25 komandanın tərkibində 150 idmançı bacarığını nümayiş etdirib.
Yarışın keçirilməsində əsas məqsəd respublikada və paytaxtda şaolin döyüş sənəti idman növünün təbliğinə, inkişafına, kütləviliyinə nail olunması, bu növlə məşğul olan idmançıların ustalıqlarının artırılması və təkmilləşdirilməsi, eləcə də ən güclü idmançıların aşkar edilərək yığma komandaya cəlb olunmasından ibarət idi.
"Neftçi İdman Klubu”nun təmsilçiləri də birincilikdə uğurla mübarizə aparıblar. Rafət Əsədovun yetirmələri 12 dəfə fəxri kürsüyə qalxmağı bacarıblar. Yeniyetmələr arasında Nihad Quliyev (30 kq), Ziya Məmmədov (34 kq), Nihad Zeynalov (60 kq) və Polad Məmmədov (65 kq) 2-ci, Ramal Məmmədli (47 kq) isə 3-cü yeri tutub. Gənclərin yarışında Rahib İbrahimov (35 kq), Miryaqub Əhədov (45 kq), İsmayıl Zeynalov (48 kq), Əli Məmmədov (53 kq) və Alim Kazımov (65 kq) yarışın qızıl medallarına yiyələniblər.
Kişilər arasında təşkil olunan yarışda Anar Kərimov (75 kq) rəqib tanımayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz Orxan Məmmədli (80 kq) isə birinciliyin gümüş medalına layiq görülüb.