Premyer Liqada qış fasiləsinin yaranmasına dörd tur qalıb. Dekabrın 20-də keçiriləcək oyunlarla çempionatda bir aylıq fasilə yaranacaq. İlin sonuna doğru mübarizə qızışır ki, bu da başa düşüləndir. Komandalar xal ehtiyatını artırmağa çalışır. Belə klublar arasında “Kəpəz” də var. “Sarı-göylər” qarşıdakı dörd oyundan ikisini səfərdə, digər ikisini isə evdə keçirəcəklər. Komanda ekvator xəttinə doğru yola “Sumqayıt”a qarşı oyunla başlayacaq. Qarşıya qoyulan vəzifənin mahiyyətini futbolçular da yaxşı başa düşür.
Sportarena.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən Gəncə klubunun üzvü Budaq Nəsirov bunu bir daha təsdiqlədi: “Biz komanda olaraq bütün oyunlara eyni cür hazırlaşırıq. Yəni futbolçular yenə qələbəyə istəklidirlər. İndi məqsədimiz qış fasiləsinə kimi qalan dörd oyunda qələbə qazanmaqdı. Maksimum nəticəyə nail olmaq üçün meydana çıxacağıq. “Sumqayıt” ilə oyun bizim üçün uğurlu başlanğıc olmalıdır, inşallah, səfərdən üç xalla dönərik”.
Amma bu heç də asan görünmür. Cəza və zədə səbəbindən “Kəpəz”in heyətində itkilər var. Uzun müddət sıradan çıxan Dario Frederiko kimi Tural Nərimanov da zədəlidir. Eyni səbəbdən “Xəzər Lənkəran”la kubok oyununu buraxan Şəhriyar Əliyev isə məşqlərə yeni başlayıb. Bu azmış kimi sarı vərəqə limitini dolduran Rəşad Eyyubov Azərbaycan Premyer Liqasının XV turunda “Sumqayıt”a qarşı matçı buraxmaq məcburiyyətində qalacaq: “Komandamızda itkilərə baxmayaraq hər bir futbolçunun yeri dolur, kiminsə yoxluğu oyunumuza təsir etmir. Oyunçulardan kimsə oyunu buraxırsa, heyətdə onu əvəz edən olur. Amma hər bir itki bizim üçün ağırdır, istəməzdik ki, hansısa futbolçu cəza və ya zədə səbəbindən matçı buraxsın, komandadan kənarda qalsın”.
Tovuz futbol məktəbinin yetirməsi olan gənc yarımmüdafiəçi icarə əsasında “Kəpəz”də çıxış edir. Nəsirov carı mövsümün əvvəlində “Sumqayıt”dan bir illik icarəyə götürülüb: “Mənim üçün “Kəpəz”də oynamaq nəyə desəz, dəyər. Bura hansı klubdan gəlməyimin fərqi yoxdur. Əsas odur ki, bu gün harada çıxış edirəm və hansı komandanın şərəfini qoruyuram. Klubdakı durumumdan razıyam, belə olmasaydı, “Kəpəz”də olmazdım”.