"Öz oyunumuza köklənməliyik, "Tottenhem"i fikirləşməməliyik" - MÜSAHİBƏ

21:35 6 Dekabr 2015

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Premyer Liqanın XV turunun "İnter"lə oyunundan (1:0) sonra jurnalistlərə müsahibə verib. O, Sportarena.az-ın əməkdaşının suallarını da cavablandırıb.

 

- Öncə oyunla bağlı fikirlərini bilmək maraqlı olardı...

- Şükürlər olsun ki, zədəlilərimiz olmadı. Oyunu maksimum nəticə ilə bitirdik. 4 gündən sonra "Anderlext"lə çətin səfər oyunumuz var. İnşallah, artıq bütün diqqətimizi həmin görüşə yönəldəcəyik.

 

- Hazırda komandada vəziyyət necədir?

- Komandada hər şey yaxşıdır. İlk dövrənin sonları olduğu hiss olunmur. Komandada motivasiya yüksəkdir. Mehribançılıq hökm sürür. Düşünürəm ki, bu da son turlarda ancaq bizim xeyirimizədir.

 

- Səncə, səfərdə "Anderlext"i məğlub etmək mümkün olacaq?

- Mümkünsüz heç nə yoxdur.

 

- Amma etiraf edək ki, rəqib çox güclüdür və təzyiq altında oynayacaqsız...

- Rəqibin burda bizə uduzması sensasiya oldu. Düşünürəm ki, ordakı matça da revanş üçün çıxacaqlar. Buna baxmayaraq, komandamız əvvəlki oyunlarda sübut edib ki, səfərdə yaxşı oynaya bilir. Onlara qarşı layiqli mübarizə aparacağıq.

 

- Bu mövsüm Avroliqada səfərdən xalla qayıtmamısız. Bu dəfə mümkün olacaqmı?

- Deyərdim ki, şanssızlıq oldu. "Monako" ilə oyunda xal qazanmalıydıq. Həqiqətən ağır səfər idi. Amma xal gətirə bilərdik. "Tottenhem"lə öndə olduğumuz oyunda səhvlərimizə görə geriyə düşdük. Ümumiyyətlə, səfərdə xal qazana bilməməyimizin xüsusi bir səbəbi yoxdur. Sadəcə, ola bilər ki, rəqiblər artıq bizi daha yaxşı analiz edirlər. Səfərdə yaxşı oynadığımızı düşünüb, daha yaxşı hazırlaşırlar. "Anderlext" səfəri də ağır oyunlarımızdan biri olacaq.

 

- "Anderlext"ə qalib gəlsəz də, bir gözünüz Londonda olacaq. Səncə, "Tottenhem" orda adına layiq oyun göstərəcəkmi?

- Düşünürəm ki, "Tottenhem" evdə heç bir komandaya oyun hədiyyə etməz. Elə komanda deyil. Yenə də biz öz işimizi görməliyik. Bu gün də olmasa, gələcəkdə uğur qazana bilərik. Öz oyunumuza köklənməliyik, "Tottenhem"i fikirləşməməliyik. 

 

- Qrupdan çıxmasaz belə, "Anderlext" üzərində qələbə UEFA cədvəlində reytinqinizə müsbıt təsir edəcək...

- Əlbəttə, udsaq, reytinq xalı qazanacağıq. Qrupdan çıxmaq üçün mütləq qələbə lazımdır. Amma məğlub olmamağımız belə bizim üçün uğur olacaq. 


Digər xəbərlər

Xəbər xətti