İlqar Qurbanov: "Yəqin Qarabağ"dan çəkinirlər" - MÜSAHİBƏ

22:20 6 Dekabr 2015

"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Premyer Liqanın XV turunun "İnter"lə oyunundan sonra jurnalistlərə müsahibə verib. Təcrübəli futbolçu Sportarena.az saytının suallarını da cavablandırıb.

 

- "İnter"i 1:0 hesabı ilə məğlub etdiniz...

- Maraqlı oyun alındı, hər iki komanda yaxşı təşkil olunmuşdu. Əsas olan 3 xal idi və bunu qazandıq. Ağır oyunlar arasında belə qələbə bizə lazım idi.

 

- İkinci yerlə 9 xal fərqiniz var idi. Bu komandada arxaynçılıq yaratmır?

- Biz bunu fikirləşmirik. Əvvəlki mövsümlərə nəzərə alsaq, 12-13 xal irəlidə olduğumuz vaxtlar olub, amma sonra bu xal fərqi 3-4-ə enib. Əgər bunlara diqqət yetirsək, xal itirərik. 3 xallıq sistemdə 9 xal heç nədir. Hər oyuna çıxanda yalnız qələbə qazanmaq haqda fikirləşirik.

 

- Sanki digər komandalar "Qarabağ"a qarşı müqavimət göstərə bilmir...

- "Neftçi"yə məğlub olduq. Deməzdim ki, heç bir rəqib müqavimət göstərmir. Hər bir komanda bizə qarşı həvəslə oynayır. Heç bir oyun bizim üçün asan olmur. "İnter" də bu gün ağıllı oyun göstərdi. Yəqin ki, "Qarabağ"dan çəkinirlər, ona görə ciddi hazırlaşırlar.

 

- Avroliqada çıxışınızı davam etdirə biləcəksiniz?

- Hər bir futbolçunun istəyidir ki, Avroliqada çıxışımızı davam etdirək. Çətin oyun gözləyir, bu oyunu udmalıyıq ki, növbəti mərhələyə vəsiqə qazanaq.

 

- Çox güman ki, "Anderlext"lə qarşılaşmada meydanda sən olacaqsan..

- Əsas odur ki, komandada zədəli olmasın. Əgər mənə şans verilsə, meydanda əlimdən gələni edəcəm. Hər bir şey baş məşqçinin qərarından asılıdır, ehtiyac olanda mən oynayıram, çalışıram ki, etimadları doğruldum.

 

- Düşünmürsən ki, "Tottenhem" Londonda "Monako"ya güzəştə gedəcək?

- Buna inanmıram. "Tottenhem" Bakıya gələndə hamı deyirdi 2-3-cü heyətlə gələcək, amma onlar peşəkar olduqlarını göstərdilər. Onların azarkeşləri önündə "Monako"ya güzəştə gedəcəklərini düşünmürəm.


Digər xəbərlər

Xəbər xətti