İtaliyanın aparıcı idman kanalları, informasiya portalları Bakıda keçiriləcək “Formula-1” Qran-pri yarışları haqqında növbəti məqalələr yaymaqdadır. Yazılarda əsasən yarışların 2016-cı il mövsümünün təqvimindən bəhs olunur, Azərbaycanda “Formula-1”ə hazırlıqla bağlı məqamlara toxunulur.
Xüsusilə “Formula-1” idman növü üzrə ixtisaslaşmış “Formula passion” portalı ölkəmizdə keçiriləcək yarışlar haqqında geniş məlumat verərək, təşkilatçı “Baku City Circuit” şirkətinin icraçı direktoru Arif Rəhimovun fikirlərinə də yer ayırıb. O, Bakı “Formula-1” trasının bu mövsümdə ən sürətli şəhər trası olacağını, paytaxtımızın qədim və müasir küçələrindən keçəcəyini, şəhərin ən gözəl məkanlarını nümayiş etdirəcəyini bildirib. O deyib: “Bu cür yarışlar vasitəsilə biz cazibədar turizm məkanlarından olan Bakının gözəlliklərini göstərməyə çalışırıq. Çoxlu sayda izləyicisi olan “Formula-1” bu məqsədə çatmaq üçün möhtəşəm platformadır”.
A.Rəhimov, eyni zamanda, müxtəlif ölkələrdə keçirdikləri görüşlər, təcrübə mübadiləsi, yarışın uğurlu təşkili üçün lazımi tədbirlərlə bağlı məlumat verib.
AZƏRTAC