"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Axar.az-a müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir.
- Hüseyn bəy, vaxt varıydı “Fırtınalar meydanı”nda coşqu olurdu, indi nə baş verir?
- Elədir…Vaxt vardı “Xəzər Lənkəran”ın oyunu günü Lənkəranda küçələrdə bir nəfər tapmaq olmurdu. Ümumiyyətlə, o günlər barədə 12 hissəli sənədli film çəkilsə belə azdır. Amma bir şeyi nəzərə alaq ki, hər bir komandanın eniş dövrü olur. Bütün klubların tarixinə nəzər salsaq, bunu görmək olar və mən böyük tarixi olan klubları nəzərdə tuturam. Bu gün biz o enişi yaşayırıq. Digər tərəfdən əsas komandamız eniş dövründə olsa da, aşağı yaş qruplarımız yüksəlişdədir. Bütün yaş qruplarımız ilk üçlükdə qərarlaşıblar. Sadəcə müəyyən dövr lazımdır ki, hər şey yoluna düşsün.
- Rəhbərlik cənublu azarkeşləri yenidən stadiona qaytarmaqla bağlı nə düşünür?
- Azarkeşi stadiona qaytarmaq üçün heç bir klub rəhbərliyi başqa bir vasitə düşünə bilməz. Yalnız bir yol var ki, o da uğurlu nəticə qazanmaqdır. O zaman azarkeş özü gələcək. Hazırda stadiona gələn azarkeşlərimiz bizim ən sadiq fanatlarımızdır. Komandanın ən çətin dönəmində də yanımızdadırlar. Sizə bir şeyi danışım. Yaxında “Qarabağ”ın Avroliqadakı ev oyununu izləmək üçün stadionda idim. “Qarabağ” məğlub oldu və matçdan sonra stadiondan çıxanda maraqlı bir müşahidə etdim. Stadiondan çıxan kütlə içərisində kim tanışını görürdüsə deyirdi: “Nə oldu, komandan uduzdu?” Hansı ki hər iki tərəf “Qarabağ” üçün stadiona toplaşıb. Yəni, bizdə belə bir azarkeş düşüncəsi yaranıb – “uduzanda komanda mənim komandam deyil, udanda mənimdir”.
- Komandanın maliyyə problemləri ilin sonuna qədər həll olmasa Ramaldanov kimi digər oyunçuların da getməsi ehtimalı var. Hansı addımların atılması nəzərdə tutulub?
- Artıq təcrübəli futbolçuların bir çoxu ilə yollar ayrılıb. Onların yerini gənc futbolçularımız tutacaq və tutur. “Xəzər Lənkəran” Azərbaycan millisinə ən çox gənc futbolçu verən klubdur. Klubun nailiyyəti həm də bununla ölçülür. On il ard-arda çempion ola bilərsən, amma bir də ölkə futboluna verilən xeyir olmalı, xidmət olmalıdır. Vaxt vardı ölkənin ən sanballı futbolçusu bizim klubda aylarla ehtiyatda qalmağa belə razı idi. Təki “Xəzər Lənkəran” olsun. Ən bahalı futbolçuları, məşqçiləri ölkəyə “Xəzər Lənkəran” gətirib. Onda ictimaiyyət deyirdi ki, nə olsun? Əsas odur öz yetirməsi yoxdur. İndi isə bu mövzuda bizimlə bəhsə girəcək klub yoxdur. Buna sevinirik.
- İdman ictmaiyyəti klub rəhbərliyini tənqid edir və bu vəziyyətin yaranmasında, kluba ayrılan vəsaitlərin qeyri-şəffaf xərclənməsində ittiham edir. Bəlkə ictimaiyyətə bir maliyyə hesabatı verilsin?
- Səmimi danışaq. Mənim mətbuat xidməti üçün adi A4 kağızı sifarişim belə baş ofisdən təsqiq edilirsə, bu onu göstərir ki, heç bir yeyintidən söhbət gedə bilməz. Hər şey mərkəzləşdirilmiş qaydada gedir və yeyintidən söhbət gedə bilməz. Üstəlik, kim kimin pulunu yeyir? “Xəzər Lənkəran” heç bir dövlət qurumundan, burada fəaliyyət göstərən müəssisəsindən maliyyələşməyən yeganə klubdur. Belə də kim kimə hesabat verməlidir? Kim kluba pul verib ki, hesabatını da istəsin?
- Qış transfer pəncərəsində legioner alınması gözlənilirmi?
- İnşallah, qış transfer dönəmində planlarda legioner futbolçu transferi nəzərdə tutulub. Sadəcə, düşünülmüş şəkildə olacaq. Yəni çalışacağıq məhdud sayda, amma komandaya kömək edə biləcək futbolçular olsun. Ümumi isə heyətin əsası öz yetirmələrimiz olacaq.
- Ümumiyyətlə, “Xəzər-Lənkəran” qarşısında bu mövsüm üçün hansı nəticələrin qazanılması tələb kimi qoyulub?
- Bu sezon üçün məqsəd çempionluq idi. Güclü transferlər də həyata keçirmişdik. Təəssüf ki, FİFA klubumuza transfer qadağası tətbiq etdi. Belədə iddia da arxa plana düşdü. Bu gün klubumuz heç bir iddialı kluba asan yenilməyib. İnşallah, bu sezon üçün bir iddia qalıb ki, o da ölkə kubokudur. Bildiyiniz kimi ölkə kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanmışıq. Çalışacağıq, kubok oyunlarında uğurlu çıxış edək.