UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qəbələ” – “Krasnodar” oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Sportarena.az ukraynalı mütəxəssisin fikirlərini təqdim edir:
“Krasnodar”la qarşılaşma bizim üçün önəmlidir. Amma “Krasnodar” üçün oyunun nəticəsi daha vacibdir. Çünki Rusiya klubu qrup mərhələsini 1-ci yerin sahibi kimi tamamlamaq istəyir. Oyunöncəsi şanslar bərabər olur. Rəqibimiz barədə geniş məlumata malikik. “Krasnodar” yüksək səviyyəli komandadır. “Krasnodar” hücumameyilli komandadır. Çox yaxşı hücumlar qururlar. Bu, bizim üçün bir təcrübədir. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Komandamızın böyük istəyi var. Yaxşı hazırlıq keçmişik. Bacarıqlı futbolçularımız var. Öz gücümüzə inanırıq. Oyunun bizim tərəfimizdə olmasına çalışacağıq. İnanıram ki, “Krasnodar”la səfərdə keçirilən ilk oyundakı kimi hakim anlaşılmazlığı olmasa, qalib gələcəyik”.
Heyətlə bağlı fikirlərini də açıqlayan mütəxəssis azarkeşlərə təşəkkür edib: “Məşqçilər heyəti ilə birlikdə çalışırıq ki, son turun matçında meydana düzgün taktiki sxemlə çıxaq. Bu qarşılaşmada da kim hazır olacaqsa, o da meydançaya çıxacaq. Çünki bizim heyətlə bağlı yanaşmamız dəyişmir. Məğlub olduğumuz bütün qarşılaşmalara görə təəssüflənirəm. Bu oyunlar arasında uduzmağa layiq olmadığımız matçlar da var idi. Futbolda da nəticəni tablo göstərir, bunu da qəbul etməliyik. Qrup mərhələsindəki son görüşümüzə nə qədər azarkeş gələcəyi haqda danışa bilmərəm. Mən onlara təşəkkür edirəm. Çünki bizə çox dəstək olublar. Biz də onlar üçün meydançaya çıxacağıq. Komandamız cari mövsümdə sıx qrafikdə oynayır. Bununla razılaşmalı, çıxıb oynamalıyıq.
Bu görüşdə çox yaxşı oynamaq istəyirik. Əgər belə olsa, qələbə qazana bilərik. Yunanıstan PAOK-u ilə son matçı da pis keçirmədik. Amma qalib gələ bilmədik. Mən sabah yaxşı futbol gözləyirəm”.