"Kəpəz" rəhbərliyi mərhum azarkeşi unutmadı - FOTO

11:37 12 Dekabr 2015

“Kəpəz” Peşəkar Futbol Klubunun rəhbərliyi və azarkeşlər komandanın bu yaxınlarda dünyasını dəyişən azarkeşi Hüseyn Hüseynovun məzarını ziyarət edib. Sportarena.az xəbər verir ki, mərhumun məzarı üzərinə tər qərənfillər düzüb.

 

Anım ziyarətində “Kəpəz”in PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, icraçı direktor Mehman Allahverdiyev və əsas komandanın baş məşqçisi Şahin Diniyev çıxış edib. Natiqlər tərəfindən “Kəpəz”in vurğunu olan Hüseyn dayının klubun göstərdiyi nəticələrdən asılı olmayaraq uzun illər boyunca doğma komandasını tribunadan dəstəklədiyi qeyd olunub. Özünə məxsus çılğınlığı ilə seçilən belə bir azarkeşi itirməyin “Kəpəz” üçün ağır itki olduğu diqqətə çatdırılıb.

 

Azarkeşlər adından çıxış edən “Kəpəz” fanklubunun prezidenti Elmar Əliyev yaşının çoxluğuna baxmayaraq, Hüseyn dayının ayaqüstə ayrı-ayrı epizodlara çılğın şəkildə reaksiya verdiyini və bu məqamın onu futbolsevərlər arasında sevdirdiyini vurğulayıb.

 

Hüseynovlar ailəsi adından danışan mərhumun oğlu Vüqar Hüseynov isə diqqətə görə hamıya minnətdarlığını çatdırıb.

 

Xatırladaq ki, fəal azarkeşin xatirəsini anmaq məqsədi ilə “Kəpəz” – “İnter” oyununda futbolçular meydana qara sarğı ilə çıxıb. Həmçinin, görüş bir dəqiqəlik sükutla başlayıb. Stadionun tribunasında isə “Hüseyn dayı, siz həmişə bizimləsiz” baneri açılıb.


Digər xəbərlər

Xəbər xətti