2015 “İnter” üçün sonuncu sıxıntılı il olacaq. Maliyyə problemlərindən əziyyət çəkən paytaxt klubu tezliklə çətin günlərinə son qoyacaq. Sportarena.az "futbolinfo.az"a istinadən xəbər verir ki, komandada vəziyyət sabitləşmək üzrədi. Komanda hələ noyabrın maaşını almasa da, qarşıdakı həftədə bütün borclar ödəniləcək. Həftəortası bütün işçilər əməkhaqqlarına qovuşacaq.
Maaşların paylandığı vaxtda klubun yeni rəhbərliyi ilə görüş də təyin olunub. “İnter”i yenidən himayəsinə götürəcək Beynəlxalq Bank hazırda kadr axtarışı ilə məşğuldu. Təhvil-təslim işləri yekunlaşsa da, bu, rəsmən bir neçə günə açıqlanacaq. Bundan sonra bankın idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin xələfi bəlli olacaq. Yeni rəhbərin də bankın yüksək vəzifəli rəsmilərindən birinin olacağı dəqiqdi.
Yeni rəhbərlik gələndən sonra komandanın məşqçi və futbolçu heyətinə ən azı yaya kimi toxunulmayacaq, prezident Georgi Nikolov da daxil olmaqla, digər işçilərin isə demək olar, hamısı dəyişdiriləcək. 3-4 milyon manatdan artıq olmamaq şərti ilə büdcə ayrılması nəzərdə tutulub ki, maliyyəyə də Müşahidə Şurası nəzarət edəcək.
Artıq “İnter”in Müşahidə Şurasının tərkibi seçilib. Tam siyahını öyrənə bilməsək də, şuraya Ülvi Mansurovun rəhbərlik edəcəyi dəqiqdi. Kluba kurator kimi təyin olunan bank işçisinin “İnter”lə birbaşa özünün, yoxsa təyin edəcəyi icraçı direktorun məşğul olacağı bəlli deyil. Ancaq o dəqiqdi ki, “İnter Arena” da daxil olmaqla kluba aid olan bütün infrastruktur hazırda onun nəzarətindədi.
Mansurov futbol sahəsində yenidi və əsasən bank sektorunda çalışıb. Beynəlxalq Bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun müavini olan Ülvi bəy bəstəkar Eldar Mansurovun oğludur. O, bank sektorunda ilk işə 2001-ci ildə Beynəlxalq Bankın “Sahil” filialında başlayıb. 2003-cü ildə baş idarəyə Maliyyə depatamentinə baş mütəxəssis kimi dəvət edilib. 3 il bu vəzifədə işlədikdən sonra Mansurov Maliyyə auditi və monitorinq departamentinə rəhbər təyin edilib. 2009-cu ildə Ülvi Mansurov Mühasibatlıq üzrə müavin vəzifəsində 2 il çalışdıqdan sonra, digər bankda işləmək üçün dəvət alıb. Mansurovun növbəti iş yeri 2012-ci ildə Bank Technique (köhnə adı Texnika Bank) idarə heyətinin sədri vəzifəsində olub. Mansurov 2015-ci ilin əvvəlində bu vəzifədən istefa verib.