"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Zirə"ylə qolsuz bərabərə qaldıqlarları oyundan sonra mətbuat konfransı keçirib.
Sportarena.az-ın komanda.az saytına istinadən yaydığı xəbərə görə, o, jurnalistlərin matçla bağlı suallarını cavablandırarkən deyib:
- Hər iki komanda ehtiyatlı oynadı. Ancaq maraqlı oyun alındı. Qalib gəlmək üçün bir neçə dəyişiklik etdik. Ancaq alınmadı. Futbolçulardan razıyam.
- İlk dövrədə "Qarabağ" böyük hesabla qalib gəlmişdi. Bu oyun isə heç-heçə bitdi...
- Bu oyunda komandamın oyunundan razıyam. Əvvəlki oyunda qalib gəlsək də, qollardan 3-ü standart vəziyyətlərdən vurmuşduq. Bu dəfə isə rəqib standart vəziyyətlərdə daha diqqətli idi. Bir daha şahid olduq ki, çempionatda hər bir komanda xal qazanmağa qadirdi. Rəqib göstərdiyi oyuna görə ilk 3 pilləyə layiqdir.
- "Qarabağ" xal qazansa da, rəqibləri xal itirir. Komandada buna görə arxayınlıq yoxdu ki?
- Futbolçularda arxayınlıq yoxdu. Bu mövsüm başlayandan mən komandada belə bir şey hiss etməmişəm. Sadəcə, bəzi oyunlarda fiziki yorğunluq olur.
- Maksim Medvedev bir müddət sol cinahda oynasa da, bu gün yenə sağda oynadı. Bu, onun sol cinahda ümidləri doğrultmamasıyla bağlı idi?
- Xeyr, mən onun oyunundan hər iki mövqedə razıyam.