“Komandamız möhkəm birlik üzərində qurulub. Baş məşqçimiz yaxşı kollektiv formalaşdırıb. Yumruq kimi birləşmişik və eyni hədəfə vururuq”.
Sportarena.az xəbər verir ki, bu sözlər “Kəpəz”in futbolçusu Azad Kərimova məxsusdur. Klubun saytına açıqlama verən müdafiəçi son oyunlar “sarı-göylər”in qələbə qazana bilməməsinə toxunub:
"Futbol kollektiv və zəncirvari oyundur, bir futbolçu yaxşı oynamayanda ansambl pozulur. Bizdə hər şey normaldır, yeganə çatışmayan cəhətimiz qol vura bilməməyimizdir. Deyim ki, imkanlarımız olmur, düz çıxmaz. Hər oyun 4-5 real qol epizodu yaradırıq, amma istifadə edə bilmirik. Qol vura bilsək, nəticələrimiz yaxşılaşacaq”.
Topaz Premyer Liqasında qış fasiləsinin yaranmasına iki tur qalıb. Bu mənada “Kəpəz”i qarşıda “Xəzər Lənkəran”la səfər, “Neftçi” ilə ev oyunu gözləyir: “İnşallah, hər iki matçda uğur qazanmaq əsas məqsədimizdir. Maksimum nəticə ilə oyunları başa vursaq, hesabımıza 6 xal yazacağıq. Bu da turnir cədvəlindəki yerimizə təsirsiz ötüşməyəcək. Bilirik ki, azarkeşlərimiz də bizdən qələbə gözləyir. Onlar istənilən hava şəraitində, ev və səfər oyunlarında bizi lazımınca dəstəkləyirlər. Fanatları sevindirməliyik”.