"Çətin günlərində “Xəzər Lənkəran”a kömək etməyə hazıram"

00:25 16 Dekabr 2015

“Etiraf edim ki, hazırda vətənimdə olsam da, Azərbaycan üçün çox darıxmışam”.

Sportarena.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” və “Qarabağ” klublarının sabiq hücumçusu Emeka Opara deyib.

 
2009/2011 və 2013-cü illərdə ölkəmizdə futbol oynamış nigeriyalı forvard Azərbaycana qayıtmağın əleyhinə deyil. 31 yaşlı futbolçu hazırda çətin günlərini yaşayan “Xəzər Lənkəran”a kömək etməyə hazırdı.
 
Klubdakı maliyyə probleminin çox çəkməyəcəyini düşünən Opara bu məsələdə güzəşt etməyə hazır olduğunu bildirib: “Ötən mövsümü “Abia Varriors”da keçirdim. İndi azad agent statusu daşıyıram. Böyük məmnuniyyətlə, “Xəzər Lənkəran”a qayıdaram. Karyeramı yenidən həmin komandada davam etdirmək istərdim. Klubun maddi vəziyyəti məni narahat etmir. “Xəzər Lənkəran”da maliyyə cəhətdən problemin uzun müddət davam edəcəyini düşünmürəm. Təklif gəlsə, oturub bu məsələni müzakirə edib, hər şeydə razılığa gələ bilərik. Hələ ki, “Xəzər Lənkəran”dan heç kim mənimlə əlaqə saxlamayıb. Amma çox istərdim ki, yenidən “ağ-yaşıl” formanı geyinim”.
 
“Xəzər Lənkəran”da kubok qazanmaq arzusunda olan Opara Azərbaycan futbolunun səviyyəsinin yüksəldiyini qeyd edib: “Xəzər Lənkəran”a qayıdıb, kubok qazanmaq istəyirəm. Komandanın hazırkı baş məşqçisini tanımıram, onunla birgə işləməmişəm. Amma mənim üçün məşqçinin kim olması böyük önəm kəsb etmir. Çətin günlərində “Xəzər Lənkəran”a kömək etməyə hazıram. Azərbaycan futbolunun səviyyəsi yüksəlməkdədi. Sabiq komandam “Qarabağ”ın ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsində oynamasından xəbərdaram. Bu onu göstərir ki, futbolunuzun səviyyəsi əvvəlki illərlə müqayisədə artıb”.
 
Qeyd edək ki, Opara “Xəzər Lənkəran”da 53 oyunda 11 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti