Milli Olimpiya Komitəsindən dopinq qalmaqalı ilə bağlı açıqlama

14:15 17 Dekabr 2015

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın 3 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsinə dair məsələyə münasibət bildirib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, Ç.Hüseynzadə jurnalistlərə açıqlamasında məlumatı yenicə aldıqları üçün hələlik heç bir müzakirənin aparılmadığını söyləyib.

 

O deyib ki, MOK-un Antidopinq Komissiyası mütəxəssislərlə birgə məsələni müzakirə edəcək.
Ç.Hüseynzadənin sözlərinə görə, Azərbaycan ağırlıqqaldıranları ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatına yollanmamışdan öncə dopinq analizindən keçiblər. Həmin vaxt idmançılardan istifadəsi qadağan olunmuş dərman izləri aşkarlanmayıb:

 

"Dopinq işi bir az qəliz məsələdir. İdmançılarımızın dünya çempionatı öncəsi analizləri təmiz çıxmışdı. Yarış zamanı götürülən dopinq-testin müsbət nəticə verməsi müzakirə mövzusudur. Ona görə də hər şey təhlil olunmalıdır. Komissiya təşkil olunanda mütləq Ağır Atletika Federasiyasının nümayəndələrini də dəvət edəcəyik".

 

2 il öncə də Azərbaycan ağırlıqqaldıranlarının dopinq-testdən keçə bilməmələri ilə bağlı böyük problemin yaşandığını xatırladan M.Hüseynzadənin sözlərinə görə, bu dəfə eyni hal təkrarlanmamalı idi: "Sadəcə, onu deyə bilərəm ki, bu dəfə məsələ çox ciddi şəkildə araşdırılacaq".

 

Qeyd edək ki, dünya çempionatında Valentin Xristov, Elxan Əliquluzadə və Silviya Angelova dopinq-testdən keçə bilməyib.


Digər xəbərlər

Xəbər xətti