Fikrət Hüseynov Tərlan Əhmədovun AZAL-dakı taleyinə aydınlıq gətirdi - MÜSAHİBƏ

19:35 18 Dekabr 2015

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi saytına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir.

 

- Ağır oyun oldu. "Neftçi" kimi adlı-sanlı rəqib üzərində qələbə qazandıq. Özü də komandamız gözəl oyun nümayış etdirdi. Biz bunu təsadüf saymırıq. Çünki komandamızın gücünə bələdik. İlk oyunda da bu rəqibi məglub etmişdik. Son oyunlar mövsümün əvvəlində atdığımız addımların doğru olduğunu təsdiqləyir. Heyət gənclərdən qurulsa da, onların potensialı var. Biz buna həmişə inanmışıq. Qələbə həmişə gözəldi. Amma eyforiyaya qapılmaq lazım deyil. İndi ilin son oyunu haqda düşünməliyik. Qarşıda "Zirə" ilə görüş var. Bu oyunda da qalib gəlmək lazımdır.

 

- Bir neçə gündən sonra çempionatda fasilə yaranacaq. Yəqin ki, komandada müəyyən dəyişiklik olacaq. Klubun planları haqda nə deyə bilərsiz?

- Artıq hazırlıq planı hazırdı. Baş məşqçi öz proqramını bizim müzakirəmizə təqdim edib. Rəhbərlik onun icrasını təmin etmək üçün lazımi işləri görəcək. Heyətdə ciddi dəyişiklik gözlənilmir. Tərlan Əhmədov problemli mövqələrə bir-iki futbolçu alınmasını istəyib. İndi bunun üzərində çalışırıq. Artıq bir əcnəbi futbolçu ilə razılığa gəlmişik. Meksikalı Adan Koronado ilə müqavilə bağlanılıb və o yanvarın 6-da komandaya qoşulacaq. Digər namizədlər də var. Tərlan Əhmədovun verdiyi siyahı əsasında transfer fəaliyyətimizi quracağıq. Sadəcə danışıqlar getdiyi üçün açıqlama vermək bir qədər tezdir.

 

- Yeri gəlmişkən, Tərlan Əhmədovun işini necə qiymətlndirirsiniz?

- Tərlan Əhmədovun işi göz qabağındadır. Belə bir komanda formalaşdırdığına görə ona ancaq təşəkkür edə bilərik. O klubun ən ağır vəziyyətində bizə, kollektivə sadiq qaldı. Hələ may ayının sonunda biz strategiyanı dəyşərkən, büdcəni azaldarkən Əhmədov klubda qalacagını bildirdi. Gənc olmasına baxmayaraq, Tərlan təcrübəli həmkarlarının risk belə etmədiyi yükün altına girdi. Məhdud büdcə, təcrübəsiz futbolçular, heyətlə bağlı problemlər onu qorxutmadı. Əksinə, Əhmədovun cəsarəti və gələcəyə inamı bizi işə həvəslndirdi. Düzü, özümüzün içimizdə də komadanın perspektivinə şübhə ilə yanaşanlar var idi. Heyətə cəlb olunanların bir çoxu uzun müddət idi futboldan kənarda qalmışdı. Murad Səttarlı, Nuqzar Kvirtiya, Rail Məlikov, Qvanzan Maqomedov, Emin Cəfəruliyev kimi oyunçular müəyyən səbəbdən yaşıl meydançadan uzaq düşmüşdülər. Lakin Tərlan həmişə səbrli olmağı və mübariz komanda yaradacağımızı əminliklə söyləyirdi. Bu gün onun ümidləri doğrulmaqdadı. Hesab edirəm ki, AZAL oyun baxımından heç kimdən aşkar geri qalmır. Nəticə də qənaətbəxşdi. Tərlan Əhmədov klubun ehtiyyat qüvvəsinin yetişməsinə, aşagı yaş qruplarından istedadlı yeniyetmələrin tapılıb üzə çıxarılmasında da əvəzsiz xidmət göstərir. Məhz o Seymur Əsədovu, Kamal Mirzəyevi, İsmayıl İbrahimlini, Aydın Qasımovu üzə çıxardı. Bu gün bütün uşaq komandalarının oyunlarını izləyir, bizə daim təkliflər verir. Bir sözlə, onunla yolumuza davam edirik və belə əməkdaşlıqdan məmnunuq.

 

- Komanda ilə bağlı məlumatları dediniz. Bəs ümumilikdə klubun inkişaf perspektivləri haqda nə deyə bilərsiz?

- Bu sahədə də addımlar atılır. İnfrastruktur imkanlarının yaxşılaşdırılması üçün bəzi layihələri həyata keçiririk. "AZAL Arena"nın öt örtüyünün dəyişdirilməsi üçün danışıqlar başa çatıb. Dekabrın 21-dən etibarən türkiyəli mütəxəssislər stadionda işə başlayırlar. Uşaq futboluna diqqəti artırmaq istəyirik. Bunun üçün klub rəhbərliyi qarşısında məsələlər qoymuşuq. Eni zamanda AFFA ilə əməkdaşlıga ciddi önəm veririk. Klubun büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi istiqamətində də işlər aparılır. Bir sözlə, klubun yeni strategiyasına əsasən yeni imicə, yeni simaya malik olacaq AZAL-ın gələcəyi naminə bütün imkanlar səfərbər olunub.


Digər xəbərlər

Xəbər xətti