“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.
Sportarena.az klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının XVIII turunun sabah keçiriləcək “Qarabağ”la oyunundan sonra “qırmızı-qaralar” istirahətə buraxılacaq.
2016-cı il yanvarın 10-da bir araya gələcək komanda təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Roman Qriqorçukun futbolçuları yanvarın 10-dan 27-dək qonşu ölkədə hazırlıq keçəcək. Komanda hazırlıq müddətində Belek bölgəsində “Gloria Sereniti” otelində məskunlaşacaq. “Qırmızı-qaralar”ın toplanış zamanı 4 yoxlama oyununa çıxması planlaşdırılıb. Bu qarşılaşmalar ayın 16-da, 20-də, 23-də və 24-də baş tutacaq. Artıq bu matçlardan birindəki sınaqçı rəqib dəqiqləşib. “Qəbələ” yanvarın 20-də keçirəcəyi ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.